FİA-nın prezidenti Jan Todt bu məsələdə sərt mövqe tutaraq hesab edir ki, əvvəlki V8 və ya V10 mühərriklərinə qayıtmaq praktiki olaraq, mümkün deyil, amma Maffeyin sözlərinə görə, Formula1-in yeni sahibləri vəziyyətə müdaxilə edə bilərlər.
“Mühərriklərlə nəsə eləmək lazımdır, DRS sistemi ilə də nəsə eləmək lazımdır, hansısa tədbirlərin görülməsi zəruridir, amma eyni zamanda, məsrəflərin artmasının qarşısını da almağı unutmaq olmaz, – Formula1 barədə sualı Maffey belə cavablandırıb. – Liderlərlə autsayderlər arasındakı fərq çox böyükdür. Top-komandalar yüz milyonlarla dollar xərcləyirlər, orta və balaca komandaların isə belə imkanları yoxdur. Bu ağılsızlıqdır, biz şansları bərabərləşdirməyə cəhd etməliyik və müxtəlif yollarla idman rəqabətinin səviyyəsini artırmalıyıq”.
F-1.az bildirir ki, Maffey bir daha Avropa mərhələlərinin sayını artırmağa da toxunub: “Təqvimdə yeni yarışlar peyda olurlar, bəzi ölkələr isə təqvimdən çıxırlar, amma bu idmanın əsas azarkeş kütləsi Avropada yaşayır və biz yarışların müxtəlif köhnə traslara qayıtması prosesinə başlamışıq. Formula1-in kökləri Fransa və İngiltərədədir.
Amma, eyni zamanda, yarışları baxımlı və maraqlı etməliyik, yarışların keçirilməsi isə promouterlər üçün sərfəli olmalıdır. Ən yaxşı yeni mərhələləri – Meksika, Sinqapur və Əbu Dabi kimi Qran Priləri nümunə götürmək və ənənəvi traslara yaymaq lazımdır”.