F-1.az xatırladır ki, finlandiyalı sürücü rallinin əvvəllərində Sebastyan Ojye ilə qələbə uğrunda mübarizə aparırdı. Hətta doqquzuncu etapdan sonra 0.3 saniyə fərqlə lider idi. Lakin o, bundan sonra həm temp itirdi, həm də gölməçəyə düşdüyü üçün radiatorunu zədələdi. Bundan sonra fin sürücü geriləməyə başladı.
Şənbə günü Ojyenin qəzası ilə Esapekkaya qələbə şansı doğsa da, komanda yoldaşı Terri Növil ideal şəraitdə etapa başlayaraq, 23.8 saniyə fərqlə liderliyə oturdu. Bundan sonra Lappinin qələbə şansi suya düşdü və ikinciliyə razı oldu.
Esapekka Lappi: “Komandamız üçün çox vacib nəticə idi. Qələbə uğrunda mübarizə aparmaq istəyirdik və qələbə dublu edərək buradan ayrılırıq. Şənbə gününə nisbətən daha yaxşıyam, amma əldən verdiyim şeylər var. Qələbə üçün mübarizə apara bilərdim. Bu fürsəti itirmək məyusedicidir.
Qəti şəkildə qalib gələrdim demirəm, amma son etapa qədər mübarizə aparmaq çox yaxşı olardı”.
Qeyd edək ki, bu Hyundai-ın bu il ilk qələbəsidir. Bu qələbədən sonra Terri Növil lider Kalle Rovanpera ilə fərqi 20 xala endirib və titul uğrunda mübarizədə mən də varam deyib.