F-1.az xəbər verir ki, cümə axşamı baş tutan hər iki dop Ford komandasının lideri Ott Tənakın inamlı qələbəsi ilə başa çatıb. Maraqlıdır ki, hər iki mərhələdə estoniyalı sürücünü finlandiyalı sürücülər təqib ediblər. Toyota-dan Kalle Rovanpera ikinci, Hyundai-dan Esapekka Lappi isə üçüncü olub. Ona görə də mərhələdə əsas mübarizənin məhz bu sürücülər arasında gedəcəyi güman olunub.
Amma hər şey liderlərin əleyhinə olub.
Cümə günü ilk dopda İsveçin qəhrəmanı Ott Tənakın maşınında turbin sıradan çıxıb – güc qurğusunun vacib elementinin təmiri böyük vaxt itkisinə səbəb olub, ona görə də estoniyalı sürücü qələbə şansını itirib.
Keçənilki çempion Rovanpera qaydalara görə hər dopa birinci yollandığı üçün tozsoran və yolaçan rolunu oynayıb, ona görə də günü liderin bir dəqiqə arxasında 5-ci yerdə başa vurub.
Liderliyə isə Hyundai-nin sürücüsü Esapekka Lappi yüksəlib. Finlandiyalı sürücü 8 dopdan beşinə qələbə qazanaraq cümə gününü protokolların zirvəsində başa vurub.
Yerdə qalan 3 dopdan ikisində qələbə qazanan əfsanəvi Sebastyen Ojye (Toyota) günü 2-ci yerdə başa vurub. Fransalı sürücü liderə cəmi 5 saniyə uduzur, ona görə də qələbə uğrunda mübarizə hələ davam edəcək.
Toyota-nın daha bir sürücüsü Elfin Evans liderin 30 saniyə arxasında üçüncü yerdə qərarlaşıb. Hyundai-ın lideri Tyerri Növill isə Elfinin 10 saniyə gerisində, Kallenin 20 saniyə önündədir.
İlk altılığı tamamlayan veteran Dani Sordo günün sonuncu dopunda qələbə qazanmaqla fərqlənib. Ford-dan Pyer Lui Lube və Jurdan Serderidis, eləcə də Toyota-dan Takamoto Katsuta qəza üzündən mübarizəni dayandırmalı olublar.
Meksika Rallisi bu gün 9 dopla davam edəcək…