F-1.az xatırladır ki, Stroll Formula1 karyerasına tanımadığı və daha əvvəl yarışmadığı Albert Park trasında başlamışdı. 18 yaşlı sürücü üçüncü sərbəst yürüşlərdə qəza edərək sıralanma turunda zəif çıxış etmiş və ötürmələr qutusunun dəyişdirilməsi ilə yarışa sonuncu yerdən başlamışdı.
Kanadalı sürücü yarışa yaxşı start versə də, SuperSoft təkərləri bloklayaraq yandırmış və pitə girərək UltraSoft təkərləri götürmüşdü. Amma gənc sürücü bu problemlərə baxmayaraq, rəqibləri ilə mübarizə aparmış və ön sol əyləcində problem yaşayıb mübarizəni dayandırana qədər 13-cü pilləyə yüksəlmişdi.
Şanxay trasında isə 1.17 km uzunluğunda düzlük və enli döngələr var. Burada ötmə etmək asan olduğu üçün Strollu və komanda yoldaşı Felipe Massanı fərqli yarış gözləyir.
Ləns Stroll: “Tras haqqında çox məlumatım yoxdur. Simulyatorda bu trasda sürmüşəm. Buna görə də real tanışlıq üçün bir az gözləməliyəm. Amma burada keçirilən bəzi yarışları izlədim və buna görə də tras barədə ümumi məlumatum var. Bu tras Albert Parkdan enlidir və buna görə də burada sürüş tərzimi dəyişdirəcəm. Daha əvvəl də dediyim kimi, yarışa ən yaxşı formada hazırlaşacam”.