F-1.az xatırladır ki, Mercedes komandasının sürücüləri Kataloniyada 2 və 3-cü yerləri tutublar. Beləliklə, “gümüşü oxlar” bu mövsüm ilk dəfə ikili podiuma yüksəliblər.
Aston Martin komandasının sürücüləri isə 6 və 7-ci yerləri tutublar. Stroll ilk dəfə komanda yoldaşı Fernando Alonsonu həm sıralanma turunda, həm də yarışda qabaqlayıb.
Ləns Stroll startda yaxşı tərpənib 3-cü yerə qədər gəlsə də, sonradan rəqiblərini arxasında tuta bilməyib və 6-cı yerə qədər geriləyib. Fernando Alonso isə 8-ci başladığı yarışı 7-ci yerdə bitirib.
Ləns Stroll: “Mercedes-in roketi var idi. Bu sürəti haradan tapıblar bilmirəm. Red Bull-dan sonra ən sürətli maşın olacağımızı gözləyirdim. Builki bütün yarışlardan sonra bu gözlənilən olsa da, bu dəfə bacarmadıq.
Təkərlərimiz çox yeyildi və Mercedes-lə Ferrari-dən fərqli olaraq, özümüzlə mübarizə aparırdıq. Red Bull isə başqa liqadadır.
Mercedes təkərlərini daha yaxşı qorudu. İlk pitə qədər Karlosla aradakı fərqi qorudum, hətta Lyuisdən uzaqlaşdım. Ancaq sonra tələrlərdə ilişmə qalmadı. Ancaq rəqiblərimiz templərini qoruyurdular. Rasselə baxanda gördüm ki, bunu bütün yarış ərzində edə bilirlər. Doğrudan da maşınları çox yaxşı görünürdü”.
Alonso arxadan Strolla yaxınlaşdığı halda radiodan komandasına dedi ki, Lənslə mübarizə aparmayacaq.
Ləns Stroll: “Altıncı və yeddinci yerdə idik və əsas məqsədimiz maşını sağlam formada boksa gətirmək idi, çünki Mühəndislər Kubokunu da düşünürdük. Komanda yoldaşı kimi bir-birimizə hörmət edirik və daha çox xal qazanmağa çalışırıq. Belə hallarda kiçik xallara görə qəza etmək pisdir. Əsas hədəf maşını salamat boksa çatdırmaqdır. Bazada çox işləyən işçilərimiz buna layiqdirlər”.
Qeyd edək ki, Mercedes Monakoya yeniliklərlə gəlmiş, amma bu yenilikləri Barselonada daha yaxşı anlaya bilmişdilər. Aston Martin-in isə Silverstouna növbəti yenilik paketi gətirməsi gözlənilir.