F-1.az xatırladır ki, Stroll 2015-ci ilin sonunda Ferrari-dən ayrılmış və Williams komandasının developer sürücüsü olmuşdu. Kanadalı sürücü bu il Avropa F3 seriyasında hegemonluq edərək, vaxtından əvvəl çempionluğu təmin edib.
Massa təqaüdə çıxacağını açıqladıqdan sonra 18 yaşlı sürücü Williams komandası ilə danışıqlara başlamışdı və britaniyalılar bu gün Strollu əsas sürücü kimi transfer etdiklərini mətbuata açıqlayıblar.
Ləns Stroll: “2017-ci il mənim üçün öyrənmə ili olacaq və inkişafa hazıram. Williams-dan çox şey öyrənə bilərəm. Hər yarış, hər dövrə yeni şeylər öyrənəcəm və Formula3 və Formula4-də qazandığım təcrübə mənə kömək edəcək.
Kartinqdə, Formula4-də, Toyota Yarış Seriyasında və F3-də yarışdım və hamısında qalib gəldim. Bunu Formula1-də də edə bilərəm. Mənim bu səviyyəyə çatmağıma kömək edənlərə təşəkkür edirəm.
Öyrənməli olduğum çox şey var. Avqustdan bəri Williams-ın 2014-cü il bolidi FW36 ilə testlər edirəm. Bolidin gücü, limitləri, asfalta yatma qüvvəsi inanılmazdır. DRS-ə və təkərlərə öyrəşməyə çalışıram.
Hər şeyə baxmayaraq, rahatam və özümdən əminəm. İlk yarış üçün həyəcanlıyam”.