F-1.az xəbər verir ki, Lando Monte Karloda xal uğrunda mübarizə gözləyir.
Lando Norris: “Əvvəla, Emiliya Romanya bölgəsində daşqınlardan zərər çəkənlərə ən yaxşısını arzulayıram. Biz hamımız İmola yarışlarını sevirik, lakin təhlükəsizlik hər şeydən üstündür və mən keçən həftəyə planlaşdırılan Qran Prinin ləğv edilməsi qərarını dəstəkləyirəm. Biz geri qayıdacağıq və ümid edirəm ki, bu çətin anlarda hamı təhlükəsiz şəraitdə qalacaq.
Monakoda mənim və komandamın xoş xatirələrə sahib olduğu tarixi bir tras var. 2021-ci ildə podiumda olmaqdan çox qürur duyuram. Bu il McLaren-də 60 illik yubileyimizi qeyd edirik və MCL60-ın qarşıdan gələn yarış üçün xüsusi dizaynı olacaq ki, bu da məni çox həyəcanlandırır.
Bu mövsüm nəticələr hələ gözləntiləri doğrultmayıb, lakin trasda və bazada hər kəs qarşıdakı cüt yarışlarda xal qazanmaq üçün çox səy göstərir. Biz çox çalışmaqda davam edirik və hər bir yarışda nəticələri təkmilləşdirməyi hədəfləyirik”.
Xatırladaq ki, Lando Norris geridə qalan 5 yarışda cəmi 10 xal qazanıb və çempionatda hazırda doqquzuncu yerdə qərarlaşıb. Komandanın hesabında isə 14 xal var…