F-1.az xatırladır ki, Lyuis testlərin birinci günü 156 dövrə atıb və ilk günün ən böyük məsafə qət edən sürücüsü olub. Testlərin ikinci günündə isə Rosberq 172 dövrə atıb.
Bundan sonra Mercedes AMG test proqramında dəyişiklik edib. Testlərin üçüncü günündə Rosberq səhər trasa çıxıb. Nahardan sonra isə Həmilton trasa çıxacaq. Testlərin son günündə isə trasa birinci Həmilton çıxacaq. Nahardan sonra isə trasa Rosberq çıxacaq.
Lyuis Həmilton testlər barədə fikirlərini bildirib: “Bu gün özümü yaxşı hiss edirəm, amma ağrılarım var.
Tətildən sonra Formula1 bolidinə mindiyiniz zaman bu hadisə ilə rastlaşmaq mümkündür. Burada etdiyiniz məşq də sizə kömək etmir. Bu idman kimidir. Bir neçə ay idmanla məşğul olmayıb, idmana yenidən başlasanız, həmin günün səhəri ağrılarınız olacaq. Bu da onun kimi şeydir.
Bolidi sürdüyünüz zaman əmələ gələn G qüvvəti boynunuza, çiyninizə və bütün bədəninizə pis təsir edir. Çərşənbə günü daha çox dövrə vurmaq istəyirəm. Hədəfim 180 dövrədir.
Mən F1-ə təzə gələndə 15-20 günlük testlər olardı, amma indi test günləri daha azdlr. Keçən il 12 test günümüz var idi, bu il artıq 8 test günümüz var. İlk yarışdan əvvəl bu çox azdır.
Ona görə də testlərdə bacardıqca çox dövrə vurmalısan. Normal hallarda bolid ilk iki gündə problemli olur, amma indi texnologiya çox inkişaf edib”.