F-1.az xatırladır ki, Niko Rosberq Formula1-dən getdiyini açıqlayıb. Mercedes-in boş yeri üçün bir neçə sürücünün adı hallansa da, Həmilton üçün yeni komanda yoldaşının kim olacağı önəmli deyil: “Kim olduğunun heç bir önəmi yoxdur. Yeni komanda yoldaşım kim olursa-olsun mübarizə aparacam. Buraya yarışmaq üçün gəlmişəm. Ümid edirəm ki, gələn il daha yaxşı mövsüm keçirdərik.
Mən komanda yoldaşı seçən sürücü deyiləm. Bildiyimə görə Alonso və Fettel komanda yoldaşlarını seçmək üçün müqavilələrinə maddə qoyurlar. Mən həmişə bərabər şəraitdə yarışmaq istəmişəm. Komanda ədalətli davrandığı halda yanımda kim olduğu önəmli deyil. Təbii ki, markanı təmsil etmək üçün doğru adamı seçməlidirlər və buna rəhbərlik qərar verəcək.
Mənim işimi çətinləşdirəcək komanda yoldaşına ehtiyacım yoxdur. Nə qədər güclü sürücü olursa-olsun, onun önündə bitirməyə çalışacam.
Komandaya yaxşı dəyərlər gətirəcək, komandanı müsbət yöndə təmsil edəcək, əxlaqlı bir sürücüyə ehtiyacımız var. Sadəcə bu cür sürücü ilə Mühəndislər Kubokunu qazana bilərik”.
Həmilton bildirib ki, Mercedes-in qərarına müdaxilə etməyəcək: “Məni maraqlandırmır. Mənlə danışmaq istəsələr, danışaram. Komanda ilə işləməyi bacaran birisi lazımdır. Güclü və zəif xarakterlər ola bilər, bəzi sürücülər mübarizə zamanı alternativ yollar seçə bilərlər. Yaxşı sürücülər var və komandanın seçiminə kömək etsəm, sevinərəm.
Komanda yoldaşım olmaq istəyənləri görmək istəyərəm, Bunu istəyən bütün sürücülərə hörmıt edirəm”.