L.Həmilton yarışın müsbət tərəflərini dəyərləndirir

Lyuis Həmiltonun 2016-cı ildəki uğursuzluğu Çin yarşında da davam edib. Britaniyalı yarışda yaxşı start alsa da, ilk döngədə Felipe Nasr ilə təmas yaşayıb və bundan işlər onun istədiyi kimi getməyib.

F-1.az xatırladır ki, Həmilton yarışı yeddinci yerdə bitiridiyi halda, komanda yoldaşı bu mövsüm ardıcıl 3-cü qələbəsini qazanıb.

Həmilton çox məyus olsa da, bolidindən düşəndən bir saat sonra mətbuat işçilərinin suallarını cavablandırmağa gəlib. Həmilton yenə də özünü yüksək əhval-ruhiyyədə göstərmək istəsə də, bu dəfə rolunu əvvəlki yarışlara nisbətən zəif ifa edib.

Lyuis Həmilton: “Özümü necə hiss etməyimi gözləyirsiniz ki? Bolidə dəyən zərər domino effekti yaratdı və əvvəlki yarışda olduğu kimi zərəri azaltmağa çalışdıq.

Belə şeylər həmişə ola bilər. Biz indi gələcəyə fokuslanmalıyıq.

Təbii ki, mən indi özümü yaxşı hiss etmirəm, amma komandaya çox güvənirəm. Müəyyən müddətdən sonra işlər qaydasına düşəcək. Bəs nə vaxt? Kim bilir? Daha yaxşı yarışların olmasını gözləyirəm”.

Həmilton bolidindəki problem barədə danışıb: “Problem Bəhreyndəki kimi idi. O qədər də pis deyildi.

Ümumilikdə, yaxşı start aldım. Birinci döngəyə çatanda diqqətli idim. Kimi tras xaricinə sürüşdü və bir neçə bolid problem yaşadı. Orada nə baş verdiyini bilmədim, amma insidentdən qaçmağa çalışdım. Kimi xarici trayektoriadan gələndə mən daxildə qaldım və Kimidən qaçmaq istəyən bolidlərdən biri mənə çırpıldı”.

Britaniyalı sürücü iki yarış ard-arda problemlərlə üzləşsə də, hadisələrə müsbət yönümlü baxır: “Bolidi idarə edəndə başınız min yerə işləyir. Ona görə də sonuncu pit-stopdan sonra nə baş verdiyini tam xatırlamıram.

Pitə girdim və daha sonra bir neçə rəqibimi keçdim, yenidən pitə gəldim və yenə də rəqiblərimi keçdim. Çox hadisə baş verdi. Tam olaraq xatırlamıram. Sadəcə deyə bilərəm ki, bu yaxşı hiss deyil.

Amma problemləri həll etməli və gələcəyə baxmalıyıq. Mən də bunu etməyə çalışırdım.

Qorxunc yarış idi, amma mənim üçün yaxşı təcrübə oldu. Xüsusən də ötmələrdə. Xatırlayıram, yeddinci döngədə bir rəqibimi xarici radiusdan keçdim və davamında digər rəqibimi 8-ci döngədə yenə də xarici radiusdan keçdim.

Belə şeylər etməyi sevirəm. Onların gözləmədikləri anda insanları ötmək mənə ləzzət edir. Ən əsası isə mən bunları edəndə, boliddə problem var idi. Bu günün ən əyləncəli dəqiqələri idi”.

Hazırkı vəziyyətini 2014-cü ildəki vəziyyətlə müqayisə olunmasına Həmilton münasibət bildirib. Qeyd edək ki, 2014-cü ildə Rosberq fərqi 29 xala qədər yüksəltmişdi.

“Vəziyyət indi daha pisdir, çünki problemlər ard-arda gəldi.

Önümüzdə çox uzun yol var, hər şey ola bilər. Amma artıq səhv etmək şansım qalmadı.

Yarışdakı startım yaxşı idi. Axırda yaxşı nəticə qazana bilərdim. Axırıncı yerdən yaxşı start almağım əla oldu.

Deyəsən bu yarışın ən yaxşı anı idi. Sonrakı yarışlarda bunu üstünlüyə çevirmək lazımdır.

Lyuis bildirib ki, o indiki dövrdə pis hadisələrlə əvvəlki illərə nisbətən daha yaxşı mübarizə aparır: “Əvvəllər olduğu kimi üstümdə qara buludlar yoxdur. Fərqli şeylər barədə düşünürəm.

Mövsüm pis başlayıb və siz bunu görürsünüz. Hədəflərinizin, göz qoyduğunuz çempionluğun uzaqlaşdığını görürsünüz. Bu avtoidmanın bir hissəsidir. Yolun bir hissəsidir.

Bu cür hallar bizi mexaniklərlə və mühəndislərlə daha da yaxın edir. Bizi daha da gücləndirir.

Bundan başqa əvvəl də dediyim kimi yaxşı start aldım və zədəli bolidlə bir neçə rəqibimi ötdüm. Bu, günün ən müsbət yönlü tərəfi idi.

Heyif ki, sürətimi tam göstərə bilmədim, çünki bolidə zərər dəymişdi. Bu, Bəhreyndəki yarışla eyni idi, amma geri qayıdacayıq və bu problemləri dəf edəcəyik. Bu həftəsonu bacarmadıq, amma gələn həftəsonu üçün daha çox işləyəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*