F-1.az xatırladır ki, Rossi MotoGP paddokundakı ən yaşlı və ən təcrübəli sürücüdür, amma buna baxmayaraq, Rossi ideal formadadır. İtaliyalı sürücü bunu sonuncu Xeres yarışında bir daha sübut etdi.
Rossinin bütün karyerası ərzində güclü olması Həmiltonun diqqətindən yayınmayıb və britaniyalı sürücü gələcəkdə onun kimi olmaq istədiyini deyib: “Valentino hazırda ən yaşlı sürücülərdən biridir, amma hələ də zirvədədir. Bunu hələ də bacarır. Ümid edirəm ki, mən də karyeramın sonunda onun kimi olaram”.
Həmilton hələki Formula1-dən bezməyib və 2020-ci ildən əvvəl təqaüdə çıxmağı planlaşdırmır: “Bunu düşünmürəm, hərdən ağlıma gəlir, amma hələki 3 illik müqaviləm var. Ümid edirəm ki, 3-4 il daha uzadaram”
Həmilton bilir ki, hazırkı vəziyyətdə başqa addım atmaq çox çətindir və əlavə edir ki, gələcəkdə qazanacağı uğurlar onu idmana daha da möhkəm bağlayacaq: “Hamımız daha çox uğur qazanmaq istəyərik. Dünya Çempionluğunu qazananda özünüzü sağlam və formada hiss edirsiniz. Bundan başqa növbəti mövsümün daha yaxşı keçəcəyini düşünürsünüz.
Qazandığınız çempionluğu başqasına vermək istəməzsiniz. Qalıb, davam etməyi düşünərsiniz. Ona görə də təqaüdə çıxmaq çox çətindir və 5 yaşımdan bəri xəyal etdiyim şeyi əldə etmişəm və bunları buraxıb gedə bilmərəm. Hər şeyi zaman göstərəcək”.
Həmilton karyerasını bitirdikdən sonra Formula1-də heç bir vəzifəni icra etməyəcəyini deyir. Amma britaniyalı Formula1-dən getdikdən sonra başqa seriyalarda yarışmağı və ya birdəfəlik yarışlardan getməyi fikirləşir: “Təqaüdə çıxdıqdan sonra, təqaüd sindromu yaşayıb, bir il sonra qayıda bilərəm. Kim bilir ki? Bunun əksi də ola bilər. Birdəfəlik gözdən itərəm.
Deyəsən, karyerasını zirvədə bitirmək bütün idmançılar üçün önəmlidir. Bunu bilmək çətindir. Bu, qumar kimidir. Stoldan nə vaxt durmalı olduğunuzu bilmirsiniz.
Qazandığınız halda durub çıxıb gedərsiniz, amma yenidən qayıdıb oynayanda hər şeyinizi uduzarsınız. Bu pis təsir edir. Amma karyeranı zirvədə tamamlamaq mükəmməldir. Bunun üçün doğru vaxtın nə zaman olduğunu bilmərsiniz. Mən karyeramı zirvədə bitirmək istəyirəm”.