F-1.az xatırladır ki, Həmilton Albert Parkda pit-stoplardan sonra Fettelin arxasına düşmüş və yarışı ikinci yerdə bitirmişdi. Britaniyalı sürücü bu mübarizədən həzz alsa da, trasda mübarizə aparmaq istədiyini deyib: “Pitdən çıxanda həyəcanlı idim. Bir bolidin arxasında trafikə düşdüm, amma yarışın bu cür keçməsi gözəl oldu. Kaş trasda mübarizə aparaydıq, amma bu il ümid edirəm ki, bəzi yarışlarda bu cür mübarizələr olar.
Mənim ən sevdiyim yarış kartinq yarışıdır. Çünki orada əvvəldən sona qədər təkər-təkərə mübarizə aparırsınız. Mən bunu xəyal edərək böyüdüm. Bu cür yarışlar üçün darıxıram. 2014-cü ilin Bəhreyn yarışında Niko ilə mükəmməl mübarizə aparmışdıq. O günlərin qayıtmasını istəyirəm. Ümid edirəm ki, Sebastyanla aramızda o cür mübarizələr olar. O 4 dəfə Dünya Çempionu titulunu qazanıb və bizim dövrün ən yaxşılarındandır. Fanlar da bu cür mübarizə görmək istəyirlər. Ümid edirəm ki, mövsüm ərzində ancaq strategiya yarışı izləmərik. Trasda da mübarizə aparmaq istəyirəm. Bu, mənə motivasiya verir.
Bu mövsüm sürücülər bir-birlərinə çox yaxın olacaqlar. Fettel sıralanma turunda da, yarışda da mənə yaxın idi. Bəzi yarışlarda performans cəhətdən qeyri-sabitlik olacaq. Bəzi yarışlarda onlar öndə, biz arxada, bəzilərində isə tam tərsi ola bilər. Yaxın mübarizənin olması yaxşı haldır. Belə olan yarışlar daha maraqlıdır.
Birinci yarışı Ferrari qazandı. Daha yaxşı işlədilər. Hər iki komanda da qalib gələ bilərdi, amma sonda gülən tərəf onlar oldular. Həmişə yarışdan sonra fərqli ssenarilər uyduraraq, qazana biləcəyinizi deyə bilərsiniz, amma onların qələbəsi ədalətli oldu və işin gözəl tərəfi budur. Hər iki komandanın öz güclü tərəfləri var. Ümid edirəm ki, yeni mövsüm həyəcanlı olar”.