F-1.az xatırladır ki, Senna karyerası ərzində 65 poul qazanmışdı. Həmilton isə karyerası ərzində 64 dəfə yarışa birinci yerdən başlayıb. Britaniyalı sürücü Monakoda poul qazanarsa, xəyallarından birini reallaşdıracaq.
Lyuis Həmilrton: “Hələ də Sennanın Monakodakı bolid üzərindən olan görüntülərinə baxıram. Bəzən öz-özümə “bəli, mən də artıq burada yarışıram” deyirəm. İndi isə daha bir poul qazansam, ona çatacam. Bu mənim üçün çox vacibdir. Real görünmür, lakin bunu bacarsam, özümlə fəxr duyacam.
Lakin sıralanma turunda bu hal mənim üzərimdə təzyiq yaratmamalıdır. Alınmasa, növbəti yarışda bəxtimi sınayacam. Monakoda həmişə gözəl yarışlar olub. Burada olduğum üçün sevincliyəm. Bəxtim gətirsəydi, Monakoda çox yarış qazanardım, amma əldə etdiyim uğurlara görə özümü yaxşı hiss edirəm. 2008-ci və 2016-cı illər mənim üçün xüsusi idi. Ümid edirəm ki, gözəl yarış keçirərək, qələbə qazanarıq”.