L.Həmilton: “Səhv iş görməmişəm”

Lyuis Həmilton bildirib ki, Əbu Dabi yarışında Niko Rosberqə qarşı haqsızlıq etməyib.

F-1.az xatırladır ki, Həmilton çempion olmaq üçün yarışı qazanmaqla yanaşı, Rosberqi də podiumdan kənarlaşdırmalı idi. Britaniyalı da Əbu Dabi yarışında sürətini azaldaraq, bunu etmək istəmişdi. Amma Mercedesi-in rəhbərliyi arxadan Fettelin və Ferstappenin sürətlə yaxınlaşdığını görüb, Həmiltondan tempi yüksəltməsini istəsələr də, britaniyalı onlara qulaq asmamışdı və Rosberqi ləngitməyə davam etmişdi.

Lyuis Həmilton: “Təhlükəli və ya haqsız bir hərəkət etmədim. Çempionluq uğrunda mübarizə aparırdıq və qazanmaq üçün tempimə nəzarət edirdim. Komandanın əmrlərindən narahat olmadım. Yarışmağımıza niyə icazə vermədiklərini bilmirəm. Qələbəni əldən vermək barədə bir saniyə belə düşünmədim. Bu barədə çox danışmaq istəmirəm.

Fettelin yaxınlaşmasını ümid edirdim, amma təkərləri yeyilmişdi. Niko da səhv etmədi. Bu bəlkə sizin üçün qeyri-adi görünə bilər, amma mənim üçün elə deyildi. İkinci yerdəyəm, çünki il ərzində çox xal itirdim. Sadəcə mübarizə apardım və komandaya və ya markaya zərər verməməyə çalışdım. Onsuz da Mühəndislər Kubokunda qələbəni təmin etmişdik. Yarışdakı mübarizə mənimlə Niko arasında idi. Amma bu mübarizəyə qarışdılar. Təbii ki, bunu müzakirə edəcəyik”.

Britaniyalı sürücü Rosberqi təbrik edib: “Əlimdən gələn hər şeyi etdim, amma Niko problem yaşamadı və təmiz mövsüm keçirtdi. Buna görə də hazırda vəziyyət belədir. Yaxşı iş gördü və onu təbrik edirəm. Çempionluq gözəl hissdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*