F-1.az xatırladır ki, Rosberq və Həmilton gənc yaşlarından aşağı seriyalarda bir yerdə yarışıblar və araları yaxşı olub. Amma iki sürücü Mercedes-də komanda yoldaşı olduqdan sonra onların araları dəyib.
Çempionluq mübarizəsi verən iki sürücü tras üzərində bəzən insidentlər yaşayıbar və bir-birini sərt formada tənqid ediblər. Amma Mercedes onların arasını düzəltmək üçün tez-tez iclaslar keçirir. Sonuncu dəfə Kanada QP-nin ilk döngəsində yaşanan hadisəyə görə komanda iclas keçirmişdi.
Həmilton bildirib ki, Rosberqlə aralarında problem yoxdur və hər şey qaydasındadır: “Əslində hazırda Niko ilə aramız çox yaxşıdır. Bunun olmasını qətiliklə gözləmirdim. Böyük ehtimalla yaşımızla əlaqədardır. O artıq atadır. Böyük ehtimalla o artıq böyüyüb və mən də artıq böyümüşəm. Bir-birimizə daha çox hörmət edirik. Artıq bir-birimizlə bəzi mövzular barədə müzakirələr aparırıq. Əgər nəyəsə görə narazıçılıq varsa, bunu üz-üzə danışıb, həll edirik. Əgər bir problemim varsa, onun qapısını döyürəm və danışmaq üçün əlverişli olub-olmadığını öyrənirəm. Bunu komandanın və mətbuatın önündə etməyin mənası yoxdur. Ən azından indiyə qədər belə olub.
Onun yanına gedəndə deyirəm ki, “hey dostum, bu heç də yaxşı deyildi”. O da mənə tez-tez belə deyir. Monakoda yaşadığımız binanın ortaq hovuzu var. Keçən dəfə orada üzürdüm və deyəsən, evindən məni gördü və gəlib suya tullanma taxtasında oturdu. Mən də bir az üzdükdən sonra bir yerdə oturduq. Onunla yarım saat söhbət etdik”.