F-1.az xatırladır ki, yarışın hakimləri əvvəlcə Niko Rosberqin dövrəsinin araşdırılmayacağını bildirmiş, amma sıralanma turunun yekunlaşmasından 3 saat sonra – yerli saatla 19:16-da onu çağırmışdılar.
FİA-ya yaxın qaynaqların verdiyi məlumata görə, Həmiltonla əlaqə saxlanılıb və o da Rosberqin qaydaları pozduğuna dair dəlillər verib. Lyuis yarışdan sonra təşkil olunmuş mətbuat konfransında Rosberqin sarı bayraqlar altında vurduğu və poul qazandığı dövrəsini özünün ondan əvvəlki dövrəsinə bənzətmişdi və bu da onun FİA-ya buna oxşar məlumatlar verə biləcəyini düşünməyə əsas verir. Toto Volff da sıralanma turundan sonra Lyuisin Uaytinq ilə görüşdüyünü təsdiq edib. Sürücünün özü isə hakimlərə təzyiq etmədiyini bildirir.
Lyuis Həmilton: “Mən onların qərarlarını dəyişdirməyə çalışmamışam. Məsələyə aydınlıq gətirmək üçün Uaytinq ilə danışdım. Çünki mətbuat konfransında da dediyim kimi, eyni vəziyyətə düşmək istəmirəm. Əgər belə bir vəziyyət yenə yaransa və mən Nikonun mövqeyində olsam, sadəcə 0,1 saniyə ləngiyərək dövrəni başa vuracam. Trasda yerində fırlanan və hər an toqquşa biləcəyim bir maşın varsa, mən 0,1 saniyə vaxtımdan keçə bilərəm.
Növbəti yarışda Rosberqin etdiyini mən etsəm, cəzalandırılaram. Hamı düz olanı bilməlidir. Mən inanıram ki, növbəti yarışa qədər bu məsələ müzakirə olunacaq. Dediyim kimi, o, sarı bayraqlara baxmayaraq, sektor rekordu əldə etdi. Kimsə qəzaya uğrayanda, marşallar trasda olanda və ya maşınlardan biri trasın üzərində qalanda da poul qazana bilərəm…”