F-1.az xatırladır ki, Lando Norris yarışa 3-cü, Lyuis Həmilton isə 4-cü yerdən başlamışdı. Lakin startda yeddiqat Dünya Çempionu qabağa keçmiş, ancaq Norris əks hücum etmək istərkən, arxadan rəqibinə təmas etmişdi.
Bu təmasdan sonra Norrisin ön qanadı qırılmış və pitə getmişdi. Britaniyalı sürücü bu insidentə görə yarışı 17-ci yerdə bitirmişdi. Həmilton isə ikinci yeri tutaraq, podiuma yüksəlmişdi.
Lyuis Həmilton: “Maks Ferstappen və Karlos Sayns döngəyə dərindən girdilər və mən arxada qaldım. Buna görə səbirli olmalı idim, ancaq arxadan zərbə aldım. Lando üçün pis oldu, çünki sıralanma turunda əla performans göstərmişdi. McLaren-i üçüncü yerdə görmək əla idi, amma məncə, döngəyə məndən əvvəl girsəydi də, onu keçərdim, çünki yarış tempimiz yaxşı idi. Yaxşı nəticə qazana bilmədi, amma bir az səbirli olsaydı, onda yarışı yaxşı yerdə bitirə bilərdi. Yaşayaraq öyrənirik”.
Lando Norris isə qəza barədə bunları deyib və zarafatından qalmayıb: “Deyəsən yarış insidenti idi. Maks ilk döngədə trasdan çıxdı. Buna görə də ikinci döngədə porebrikin üzərindən atlandı. O anda hamı yavaşladı və mən Lyuisə o qədər yaxın idim ki, əyləcə belə basa bilmədim. Yəni ki, bəxtim gətirmədi, çünki normal vaxtda ikinci döngədə əyləcə basmazsınız.
Lyuis səhv etmədi və o bolidi qəzadan qaçırtdı. Mən bunu bilmirdim. Lyuisin yəkərinə toxundum, amma ona heç nə olmadı. Bəlkə də, bu təmasa görə sürətləndi.
Təmas olmasa belə, onluğa düşə bilməyəcəkdim. Çünki yavaşıq. Bütün mövsüm elə idik. Deyəcək başqa sözüm yoxdur”.
Qeyd edək ki, üçüncü yer McLaren üçün builki ən yaxşı sıralanma turu nəticəsi idi. Ancaq Lando Norris kiçik bir səhvlə həm özü üçün, həm də komandası üçün böyük bir fürsəti əldən verdi.