L.Həmilton: “Nömrəm Fetteldə yoxdur”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Fettellə danışılacaq heç nə yoxdur.

F-1.az xatırladır ki, Həmilton təhlükəsizlik avtomobilinin arxasında birdən yavaşlayıb və Fettel ona arxadan çırpılaraq, ön qanadını zədələyib. Lakin almaniyalı sürücü əzəli rəqibinin bu hərəkətinə çox əsəbiləşib və onun yanına gələrək, Ferrari-sini onun Mercedes-inə çırpıb. Bu insidentdən sonra Fettelə 10 saniyə dayan və get cəzası gəldiyi halda, Həmiltona heç bir cəza verilməyib. Buna baxmayaraq, 29 yaşlı dördqat Dünya Çempionu yarışı Həmiltonun önündə bitirərək, turnir cədvəlində xal fərqini bir az da artırıb.

Fettel yarışdan sonra bildirib ki, bu barədə Həmiltona zəng vurub danışacaq.

Lyuis Həmilton: “Onda mənim nömrəm yoxdur. Mən bəzi sualların cavabını istəyirəm. Mən trasda danışacam. İnsidentə görə heç kəsi günahkar saymıram. Yarışı bu hadisəyə görə əldən vermədim. Artıq növbəti yarış barədə düşünürəm. 12 yarışın hamısını qazanmaq istəyirəm.

Hamı hər şeyi gördü. Keçən il radioda dediklərini eşitmişdim, amma bunu edəcəyini düşünməmişdim. Məncə, artıq Ferrari üzərində təzyiq yarada bilmişik. Amma əgər onlar çirkli mübarizə aparsalar, bunun cavabını alacaqlar. Azərbaycan yarışındakı Fettel həmişəkindən fərqli idi. Düşünməliyəm. Bir-birimizə hörmət edəcəyik. Çempionluğun dürüstcə qazanılmasını istəyirik.

Yarışı qazana bilməmək əsəbpozucudur. Xallar itirdik, qələbəni əldən verdik. Yenə də komandamla fəxr duyuram. Bu həftəsonu çox sürətli idik və güclü performans göstərdik. Sıralanma turunda Ferrari-dən sürətli idik və yarışı rahatlıqla birinci yerdə aparırdıq. Valtteri əla iş görərək, gözəl xallar qazandı. Bu Mühəndislər Kuboku üçün əla oldu”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*