F-1.az xatırladır ki, sıralanma turununun üçüncü sessiyasında britaniyalı sürücü ən sürətli dövrəni atsa da, trasdan çıxdığı üçün onun nəticəsi ləğv olunmuşdu. İkinci cəhdində növbəti dəfə sürətli dövrə vuran Həmilton komanda yoldaşı Rosberqi 0.319 saniyə qabaqlayaraq poul qazanıb.
Lyuis Həmilton: “Necə oldu bilmirəm. Amma bu vəziyyət mənə güc verdi. Çox həyəcanlı idi. Təzyiq altında olanda hücum rejiminə keçirəm və yenə də bunu yoxladım. Hər dövrədə və hər döngədə trasdakı fanların mənə əl syellədiyini görürdüm. İndiyənə kimi bu halla dünyanın heç bir yerində qarşılaşmamışdım və istədim ki, insanlar mənim hiss etdiyimi hiss etsinlər. Fanların salladığı bayraqları görməyim mənə daha çox motivasiya verdi və buna görə də yaxşı dövrə vura bildim”.
Həmilton yarışa Rosberqin yanında başlayacaq. Britaniyalı sürücü Avstriyadakı qəzaya baxmayaraq, həmişəki kimi yarışacağını bildirib: “Həmişəki kimi yarışacayıq. Təbii ki, bu həftə bizə deyilənlər ağlımızdadır, amma bu bizim aqressiv sürüşümüzə mane ola bilməz”.