F-1.az xatırladır ki, hər iki Mercedes sürücüsü sıralanma turunun ikinci sessiyasına Medium təkərlə başlayıb. Həmilton ikinci olduğu halda, Bottas səkkizinci yeri tutub. Bundan sonra Almaniya komandası hər iki sürücüsünü də Soft təkərlə trasa göndərib və onlar da nəticələrini yaxşılaşdıraraq, son sessiyaya çıxıblar.
Lyuis Həmilton: “İkinci sessiyada istifadə etdiyim Medium təkər ilə yarışa başlaya bilərdim. Mən onunla başlamaq istədim, çünki fərqli şeylər sınamaq arzusunda idim. Amma komanda ikimizi də eyni təkərdə trasa buraxmaq qərarına gəldi. Bunun doğru qərar olub-olmadığını sabah görəcəyik.
İkinci sessiyada hər şey yaxşı idi, amma son sessiyada maşında asfaltla ilişmə zəif idi. Tras soyuyanda adətən ön təkərlər sürüşməyə başlayır. Əgər yarışda təhlükəsizlik maşını olsa, təkərləri normal temperaturda saxlamaq çətin olacaq. Bütün sürücülər eyni problemi yaşayacaqlar. Təkərlər neçə dövrə dözəcək bilmirəm. Ancaq tras soyusa, təkərlərin ömrü arta bilər. Ümid edirəm ki, həyəcanlı yarış olacaq”.