F-1.az xatırladır ki, iki sürücü yarışın sonlarında beşinci və altıncı yerdə gedərkən arxadan Karlos Sayns yaxınlaşıb. Daha yaxşı təkərləri olan Həmilton komanda yoldaşı Corc Rasselli qabaqlayıb. Lakin “gümüşü oxlar” daha sonra Lyuisdən xahiş edib ki, o, yavaşlayaraq, Rassellə DRS versin və Saynsın ötməsinə mane olsun.
Buna baxmayaraq, Sayns rəqibi Corc Rasselli geridə qoya bilib və yarışın son döngəsinə qədər Lyuis Həmiltonu qovalayıb.
Lyuis Həmilton: “Bu heç də yaxşı ideya deyildi. Bunu mənə təklif edəndə bilirdim ki, bu taktika Sinqapurdan bəri düşünülüb və heç də məntiqli deyildi.
Mümkün qədər öndə olmalı idim və mən yoluma davam etdim. Demək olar ki, 2 saniyə öndə idim və məndən Rassellə DRS verməyimi istədilər. Ona bu məsafəni vermək üçün düzlükdə ayağımı qazdan buraxmalı oldum.
DRS-si olsa da, Karlos onu keçdi və bu, gözlənilən hal idi, çünki Rassell 1 dəfə, biz isə iki dəfə pit etmişdik. Karlosun təkərləri daha təzə idi.
Sayns onu keçəndən sonra arxamca düşməyə başladı. Bəli, heç də ideal deyildi. Son dövrələr çətin keçdi. Amm məncə, komanda olaraq beşinci və yeddinci yerlərə sevinməliyik. Bu, altıncı və yeddinci yerdən daha yaxşıdır.
Biz Rassellə daha əvvəl yer dəyişdirməli idik. Ferrari ilə fərqi artırmaq üçün mümkün qədər tez önə keçməli idim. Yerimizi əvvəldən dəyişdirsəydik, Corc onu arxasında tutaraq, yarışı yaxşı yerdə bitirərdi. Amma mənimlə mübarizə apardı və təkərləri yediyi üçün işlər daha da qarışdı.
Reallıq budur ki, Sürücülər Çempionatında bir-birimizlə mübarizə aparmırıq, çünki orada neçənci olduğumuz önəmli deyil. Əsas odur ki, yarışları Ferrari-dən çox xal toplayaraq bitirək və Mühəndislər Kubokunda onlardan öndə qalaq. Buna görə də komanda kimi işləməliyik”.
İlk pit-stoplardan əvvəl iki sürücü qaşıq döngəsində yan-yana gəlmiş və Lyuis Həmilton komanda yoldaşını tras xaricinə çıxarmışdı. Lakin Lyuis düşünür ki, o, komanda yoldaşına qarşı çox aqressiv müdafiə olunmayıb.
Lyuis Həmilton: “Qətiliklə deyə bilərəm ki, aqressiv idim, amma yaxşı yarış idi. Düzünü desəm, o ziyyətdə olmamalı idim.
Amma deyəsən sağ ön tərəfdə bir şey baş verdi. Son və doqquzuncu döngədə bolidin ön tərəfində problem yarandı. Daha sonra isə kəskin döngədə maşın dönmədi.
Bütün həftəsonu ərzində orada yaxşı idim, dönürdüm və heç nə olmurdu. Trasda balans problemi yaşadım. Amma yaxşı mübarizə idi. Bir az aqressiv olsa da, yer qazanmaq üçün vacib idi”.