F-1.az xatırladır ki, dünən karyerasında 100-cü dəfə poul qazanan Həmilton yarışın startında liderliyi itirib. Lakin komanda onu 42-ci dövrədə ikinci dəfə pitə çağıraraq, Soft təkərlərə keçirib. Bu həmlə britaniyalı sürücüyə karyerasının 98-ci qələbəsini qazandırıb və eyni zamanda çempionatdakı liderliyini möhkəmləndirib.
Lyuis Həmilton: “Start çox yaxın idi. Trasın sağ tərəfində kauçuk var idi və Red Bull əla start aldı. Daha sonra ona çatmağa çalışdım və ona yaxın gedirdim. Bunu edərkən təkərlərimin yeyilməsindən qorxurdum. Lakin onları qoruya bildim və 20 saniyə geridən gəlmək çətin olsa da, əla strategiya idi.
Ferstappeni ötmək üçün fürsət axtarırdım, amma komanda məni pitə çağırdı. Bir az özümlə müzakirə apardım. Düşünürdüm ki, davam edim ya pitə gedim? Sonda komandanın dediyini etdim, çünki onlara güvənirəm. Onlar mükəmməl işlədilər”.