F-1.az xatırladır ki, Lyuis İspaniya Qran Prisinin ilk dövrəsində sürətlə komanda yoldaşına yaxınlaşaraq onu sağ tərəfdən keçmək istəmiş, lakin bu iki sürücünün toqquşması ilə nəticələnmiş və həm özünün, həm də Rosberqin yarışı yarımçıq saxlamasına səbəb olmuşdu.
UBS-in mətbuat konfransında suallara cavab verən Lyuis həm İspaniyadakı qəza, həm də özünün psixoloji olaraq necə inkişaf etdiyi barədə danışıb.
Lyuis Həmilton: “Gənc yaşlarımda hər hansı bir yarışda pis nəticə göstərsəm, özümə qarşı da çox pis davranırdım. Bu da mənfi təsirini göstərirdi. Bəzən elə olurdu ki, bir yarışdakı pis nəticəyə görə növbəti 3-4 yarışda oteldəki otağımdan çıxmırdım. Heç kimlə danışmır, telefonlara cavab vermirdim. Lakin sonra bunu düz etmədiyimi başa düşdüm. Vəziyyətə baxmalı, hər vəziyyətdə ancaq və ancaq yaxşı cəhətləri görə bilməliyik.
Barselonada baş verənlərə baxıram. Mənim üçün çox pis idi. Karyeramı bitirənə qədər bilməyəcəyiniz bəzi şeylər var. İllər sonra olanları və qazandığım təcrübələri sizlərlə paylaşacağam. Yarışdan bir gün sonra səhər bir qədər qaçdım. Olanlar barədə düşünmürdüm. Həmin vaxt 43 xal geridə idim və bunu düşünmək heç də yaxşı deyildi. Mən də insanam. Həmin günlərdə o xal fərqinin bağlanacağına çox da inanmırdım. Biz hər nə olur olsun, gördüyümüz işi saxlamamalıyıq. Nə qədər çətin olsa da, davam etməliyik. Mən də bunu etdim.
İndi özümü daha güclü hiss edirəm. Bəzən elə olub ki, dünyanın sonunun gəldiyini düşünmüşəm. Bəzən əsla çempion ola bilməyəcəyimi də düşünmüşəm. Lakin indi olduğum yerə baxın. Çempionatda cəmi 1 xal geridəyəm. Mən İspaniyada ruhdan düşsəydim…. Bu, nə olur olsun, heç vaxt ruhdan düşməməli olduğumuzu göstərir. Psixoloji cəhətdən əvvəlkindən çox güclüyəm. Beynimdə nələrin olduğunu ancaq mən bilirəm. Mən hər şeydən özüm nəticə çıxarmağa çalışıram və heç kimin buna müdaxilə etməsinə imkan vermirəm”.
Lyuis həm də karyerasını bitirməsi məsələsinə də toxunub: “Hazırda komandamla 3 illik müqaviləm var. Müqavilə bitdikdən sonra daha 3-4 il də yarışmaq fikrim var. Həmişə yarışa bilmərəm. O vaxt 37 yaşım olacaq və mən başqa mübarizələrin içində də olmaq istəyirəm. Amma zaman keçdikcə təbii ki, fikrimdə də dəyişikliklər ola bilər. Əlimdən gəldiyi qədər böyük sürücü olmaq istəyirəm, amma başqalarının rekordları ilə xatırlanmaq istəmirəm…”