F-1.az bildirir ki, qış testlərindən sonra Bəhreyn Qran Prisinin cümə günü məşqlərində də geridə qalan maşın barədə Lyuis nikbin düşünə bilmir.
Lyuis Həmilton: “Geriliyimizin miqyası artıq testlərdən aydın idi, biz həqiqətən çox uduzuruq. Əlimdən gələni edirəm, amma olan budur. Biz işləməyə davam etməliyik və hansısa yolla bunu düzəltməyə çalışmalıyıq. Biz Red Bull-dan sürətli dövrədə və uzun məsafədə eyni dərəcədə arxadayıq. Uzun seriyalarda bizdən hətta 1 saniyə sürətlidirlər, buna görə də üzərində işləməli çox şeyimiz var.
Çətin ki, sabah ciddi şəkildə nəsə əlavə edə bilək. Maşının artıq optimal parametrləri var, kiçik düzəlişlərlə biz saniyədən az vaxt qazana bilərik, amma bir saniyə yox. Bununla belə, bu axşam biz boş oturmayacağıq, bütün məlumatları yoxlayacağıq, diqqətimizi işə yönəldəcək və irəliləyiş əldə etməyə çalışacağıq. Bir gecədə maşının səmərəliliyini hansı şəkildə artıra biləcəyimizi görməyə çalışmalıyıq.
Fikirləşirdim ki, ikinci ən sürətli Ferrari olacaq, amma deyəsən, Aston Martin ikinci, Ferrari isə yalnız üçüncü yerdədir – və biz onlara kifayət qədər yaxınıq. Deməli, ya ötən illə eyni səviyyədəyik, ya da bir az geridəyik.
Vəziyyət çətindir. Açığı, komanda başqa nəticələr gözləyirdi, bu, bizim işçilərin heç də layiq olduğu şey deyil. Görünür, biz yanlış yol seçmişik, bir araya gəlib düzgün istiqamət tapmaq lazımdır. Ümid edirəm ki, mövsüm irəlilədikcə ciddi irəliləyiş əldə edəcəyik. Keçən il xeyli irəlilədik, amma indi rəqiblərimizdən bir il əvvəlkindən daha geriyik.
İnanıram ki, biz nə vaxtsa fərqi aradan qaldıra bilərik? Bəli, amma indiki maşının konsepti ilə çətin olacaq”.