F-1.az xatırladır ki, bu ildən etibarən texniki reqlamentdə çoxlu dəyişikliklər olacaq və təkərlərin enlənməsi ilə asfaltayatma qüvvəsi artacaq. Artıq bunun nəticələrini ilk testlərdən görməyə başladıq.
Amma bolidlərin sürətlənməsinə baxmayaraq, Həmilton idmanın daha da pis vəziyyətə düşəcəyini deyib. Barselonadakı ilk testlərdən sonra britaniyalı bu düşüncələrdədir: “Problem əvvəlki kimidir. Yenə də asfaltayatma qüvvəsi çoxdur. Bunun yerinə mexaniki asfaltla ilişmə olmalıdır. Böyük təkərlərlə daha çox asfaltla ilişməyə və daha az asfaltayatma qüvvəsinə sahib olmalıyıq. Amma tam tərsi oldu. Ümid edirəm ki, yarışlar gözəl keçər, amma bunun üçün çox həyəcanlanmayın”.
Pirelli-nin yeni təkərləri öndəki bolidin hava kisəsindən az təsirlənəcək, amma Həmilton düşünür ki, bu bəs etməyəcək: “Təkərlərin hava kisəsindən təsirləndiyini düşünmürəm. Həmişə aerodinamika, ön qanad və bolidin qalan hissələri təsirlənirdi. Amma indi türbülans ikiqat çoxalacaq. Buna görə də əvvəllər yaşadığımız problemlər artacaq. Dizayn üçün məsləhətlər gələndə, mühəndislər bunun səhv olacağını dedilər. Bəzi komandalar, ən azından mənim komandam dedi ki, əgər bolidi sürətləndirmək üçün asfaltayatma qüvvəsi artırılsa, türbülans artacaq və arxadakı sürücü rəqibini izləməkdə çətinlik çəkəcək. Bizə qulaq asmadılar. İndi isə bu bolidlərə sahibik. Bolidlər gözəl görünürlər və sürmək adama həzz verir. Amma mübarizə zamanı arxadakı sürücülər çətinlik çəkəcəklər. Arxada çox qalanda bolidin ön və ya arxa tərəfində asfaltla ilişməni itirə bilərsiniz. Buna görə də ayağınızı qaz pedalından çəkməlisiniz. Belə olan halda da, rəqibinizə yaxınlaşa bilmirsiniz. Bunu bolidlərin arxasında yaşadım. Buna görə də asan deyil”.