F-1.az xatırladır ki, 2013-cü ildən bəri Niko Rosberqlə komanda yoldaşı olan Həmilton bu il ilk dəfə almaniyalıya məğlub olmuş və çempionluğu əldən vermişdi.
Britaniyalı mövsüm ərzində bir neçə dəfə mexaniki problemlər yaşasa da, ən çox poul və yarış qazanan sürücü olub.
Lyuis Həmilton: “Bəzən özümü qəribə hiss etdim. Məni narahat edən ssenarilər var idi. Amma bu gözləniləndir. Bu səviyyədə yarışdığınızda və bir müddət öndə olduğunuzda bunun olması başadüşüləndir.
Bir komandada iki sürücü Dünya Çempionluğu uğrunda mübarizə aparırsa, bu, komanda üçün çətin ssenaridir. Amma sizi öldürməyən şey gücləndirər. Təcrübənizin hesabına özünüz haqqında daha çox şey öyrənirsiniz”.
Həmilton bildirib ki, 2016-cı ildə üzləşdiyi problemlər onu daha da gücləndirib: “Bu il əvvəlki illərə nisbətən daha çox ürəkdən sürdüm. İl ərzində daha çox çətinliklə üzləşdim. Birinci yerdən başlayırsan və səkkizinci yerə qədər düşüb, yenidən yüksəlməyə çalışırsan. Əvvəlki illərə nisbətən daha çox pouldan başlasam da, geriyə düşdüm. Çətinlikləri dəf etmək üçün qəlbimdən cəsarət aldım. Geriyə baxmıram. Yaxşı və ya pis zamanlarımız oldu və bunlardan çox şey öyrənə bilərəm. Bu il də belə mövsüm oldu. Bu il rəqiblərimizə nisbətən daha çox poul və yarış qazandım. Çox gözəl və uğurlu mövsüm oldu ki, bu da komanda üçün mükəmməldir”.