F-1.az xatırladır ki, idman tarixində belə bir uğura Lyuisdən əvvəl yalnız iki sürücü imza atmışdı – 1957-ci ildə Xuan Manuel Fanxio və 2002-ci ildə Mixael Şumaxer beşqat dünya çempionları olmuşdular…
Lyuis Həmilton: “Hazırda qəribə hisslər keçirirəm. Azarkeşlərə təşəkkür etmək istəyirəm ki, Meksika Qran Prisini həmişə belə bayrama çevirirlər. Əlbəttə, öz komandama böyük təşəkkür düşür! Bono (yarış mühəndisi) radio ilə mənə dedi ki, titulu bu gün qazanmadıq, titulu əvvəlki mərhələlərdə hamının gərgin əməyi sayəsində qazandıq. Mən bazada işləyən hər bir kəsə, bizim Petronas, Epson, Bose kimi tərəfdaşlarımıza minnətdaram! Mən Mercedes-lə 13 yaşımdan əməkdaşlıq edirəm və onlarla 5 titul qazanmışam, dahi Fanxioya çatmışam – Maestro da iki titulunu Mercedes-lə qazanmışdı. Ağlasığmazdır – buna inanmaq çətindir!
Yarış? Çox pis yarış alındı! Yaxşı start aldım və əvvəlcə tempimiz pis deyildi – sonra isə başa düşmürəm nə oldu. Təkərlər tam ölmüşdü, səbəbini hələ bilmirəm. Valtteri də eyni problemlərlə üzləşmişdi. Yekunda biz sadəcə finişə çatmağa çalışırdıq.
Mən Allaha və ailəmə də təşəkkür etmək istəyirəm. Atamın vaxtında böyük əziyyəti və zəhməti olmasaydı, mən indi Formula1-də ola bilməzdim. Doğrudan da, ağlasığmaz tarixdir!”