F-1.az xatırladır ki, Baldisseri Ferrari-nin qızıl dövründə komandada mühəndislik edirdi və 2016-cı ilin əvvəlində italyanların heyətindən ayrılmışdı. İtaliyalı mütəxəssis düşünür ki, Ferrari-nin bu il pis çıxış etməsinin səbəbi komandada hökm sürən qorxudur: “Heyif ki, nə Markionnenin, nə də Arrivabenenin idmandan başı çıxmır. Ferrari artıq qorxaq adamlardan ibarət bir komandadır. Komanda deyillər. Orada qorxu havası hakimdir və heç kəs yeni bir şey kəşf etmir. Hamı işdən qovulmaqdan qorxur və buna görə də yeni qərarlar almırlar.
İdarəçilərin əsas işi insanlara yol göstərmək, onlara motivasiya vermək və qərarlar almaqdır. Onlar səhv edəndə komandadan qovulmaq üçün orada deyillər. Əllisonun da başına bu gəldi. Ferrari üçün böyük itkidir”.
Jurnalistlər Baldisseridən – “komanda qazanmaq üçün nə etməlidir?” – deyə soruşublar: “Komandada yaxşı təşkilatçılıq olsa, yaxşı ideyalar və səhv etməyən sürücülər olsa, qalib gələcəklər. Pulları var, amma qalib gəlmək üçün qərarlı olmaq lazımdır. Çox işləyənləri incitmək olmaz. Markionnenin qalib gəlmək istəyini anlayıram, amma Formula1-də işlər belə getmir. Uğur qazanmaq üçün 3 ildən çox vaxt lazımdır”.
Ceyms Əllison komandadan ayrıldıqdan sonra onu Mattia Binotto əvəz edib. Baldisseri Binotto ilə uzun illər işləyib və onu yaxşı tanıyır, onun barəsində fikirlərini bildirib: “Mattia insanları motivasiya edə bilir və çox təcrübəlidir. Amma texniki idarəçi vəzifəsində işləyəcək adam deyil. Onun şassi, aerodinamika və mexanikadan başı çıxmır. Buna görə də Formula1 bolidi dizayn edə bilməyəcəyini başa düşür. Ancaq komanda rəhbəri kimi yaxşı işləyir”.
Baldisseri sürücülər barədə belə danışıb: “Rəykkönen 2015-ci ilə nisbətən daha güclüdür. Fettel isə çox pisdir. Ferrari özünə gəlməlidir və qısa müddət ərzində mübarizəyə qayıtmalıdırlar. Fettel keçən il Ferrari-yə gələndən sonra eyforiya hissinə qapılmışdı”.