Kuboku qaytarmaq lazımdır!

Meksika Qran Prisində Formula1-ə xas olmayan bir hadisə baş vermişdi - 3-cü yeri tutduğuna görə aldığı kuboku Sebastyan Fettel mükafatlandırma mərasimindən sonra qaytarmalı olmuşdu. Amma əvvəllər də Formula1-də buna bənzər hadisələr olub: düzgün olmayan manevrlər, üstü açılan fırıldaqlar podiumda içilən şampan şərabını burundan gətirə bilir. F-1.az-la birlikdə həmin hadisələri xatırlayaq...

Braziliya Qran Prisi, 2000-ci il

Əvvəl: Ferrari əsas rəqibi olan McLaren-i məğlub etdi – Skuderiyanın lideri Mixael Şumaxer yarışda asan qələbə qazandı, komandanın qələbə dubluna isə Rubens Barrikellonun maşınında hidravlik problemlər mane oldu. McLaren komandasının sürücüsü Devid Kulthard uğursuz strategiyanın qurbanı olaraq finiş xəttini ikinci keçdi, podiumun 3-cü pilləsinə isə Benetton-un sürücüsü Cankarlo Fizikella çıxdı.

Michael Schumacher, David Coulthard, Giancarlo Fisichella
Mixael Şumaxer, Devid Kulthard və Cankarlo Fizikella, 2000-ci il Braziliya Qran Prisinin podiumu

Sonra: Finişdən sonra isə aləm bir-birinə dəydi – ilk altılıqda finiş görən sürücülərdən beşi (Fizikelladan başqa) diskvalifikasiya təhlükəsi ilə üz-üzə qaldı. FİA-nın müfəttişləri müəyyən etdilər ki, bu maşınlarda altlığın taxta təbəqəsi həddindən çox yeyilib. Amma heç bir sürücüyə buna görə cərimə verilmədi – komandalar xorla İnterlaqosun kələ-kötür asfalt qatını günahlandırdılar. Araşdırmadan sonra FİA Kultharddan başqa hamını bağışladı. Onun MP4/15-də ön qanadın konstruksiyası qeyri-leqal hesab edildi – yan lövhə altlıq müstəvisindən 43 mm uzaqlaşmışdı, reqlamentdə isə bu məsafənin 45-55 mm olması yazılmışdı.

McLaren komandası apellyasiya şikayəti etsə də, Parisdə baş tutan məhkəmə hakimlərin qərarını qüvvədə saxladı. Ron Dennis FİA məmurlarının Ferrari-nin xeyrinə qərar çıxarmalarına işarə edərək, “Sadəcə mənim maşınlarım kifayət qədər qırmızı deyillər!” demişdi…

Braziliya Qran Prisi, 2003-cü il

Əvvəl: Aramsız yağan yağış yarışı xaosa çevirdi, trasda suyun çoxluğu axan çaylar əmələ gətirdi. Ən çətin yer isə Curva do Sol döngəsi idi, burada boliddən düşüb qayığa minmək lazım idi. Bu döngədə Mixael Şumaxer də daxil olmaqla, 6 sürücü yarışı dayandırdı.

Yarışın 54-cü dövrəsində Cankarlo Fizikella start düzlüyündə Kimi Rəykköneni keçdi. Bir dəqiqə sonra arxadan gələn Mark Uebebr sonuncu döngənin çıxışında Jaguar-ını ram edə bilmədi və qəzaya uğradı, ardınca Fernando Alonso Markın maşınından ayrılan təkərə çırpılaraq divara girdi. İspaniyalı sürücünün Renault-su darmadağın oldu, təhlükəsizlik baryeri də dağıldığı üçün yarış dayandırıldı. Protokollar isə 2 dövrə əvvələ, 53-cü dövrəyə görə tərtib edildi, bu zaman yarışın lideri Rəykkönen idi. Podiumda onun yanında Fizikella durmuşdu, 3-cü pillə isə boş qalmışdı – Alonso xəstəxanaya göndərilmişdi.

Kimi Raikkonen, Giancarlo Fisichella
Kimi Rəykkönen və Cankarlo Fizikella, 2003-cü il Braziliya Qran Prisinin podiumu

Sonra: Jordan komandası bildirdi ki, yarış dayandırılarkən Fizikella artıq 56-cı dövrəsinə başlamışdı, deməli, protokollar 54-cü dövrənin nəticələrinə görə tərtib olunmalıdırlar. Hakimlər komandanın doğru olduğunu qəbul edərək nəticələri dəyişdilər – Fizika 1-ci, Kimi 2-ci oldu. İki həftədən sonra İmolada Rəykkönen qələbə kubokunu Cankarloya təqdim etdi. İtaliyalı sürücü üçün birinci olan qələbə Jordan komandası üçün sonuncu oldu…

Kanada Qran Prisi, 2004-cü il

Əvvəl: Kanada yarışı peletonda hamıdan bir baş güclü olan Mixael Şumaxerə problem olmadı – Ferrari-nin sürücüsü növbəti qələbəyə sevindi. Finiş xəttini ikinci onun qardaşı Ralf keçdi – balaca Şumaxer Skuderiyanın digər sürücüsü Rubens Barrikellonu əyləc problemləri üzündən qabaqlaya bilmişdi. Ralf podiumda şənlənən qırmızılara heç qarışmırdı.

Michael Schumacher, Rubens, Barrichello
Mixael Şumaxer və Rubens Barrikello, 2004-cü il Kanada Qran Prisinin podiumu

Sonra: Maşınların texniki təftişindən sonra yarışın protokolları ciddi dəyişikliyə uğradı. FİA-nın müfəttişləri müəyyən etdilər ki, Williams və Toyota maşınlarında ön əyləclərin hava kanalları reqlamentə uyğun deyil. Beləliklə, Ralf Şumaxer ikinci yeri Barrikelloya verməli oldu, 3-cü yerə isə Censon Batton layiq görüldü.

San Marino Qran Prisi, 2005-ci il

Əvvəl: Yarışın ən maraqlı hissəsi sonunda başladı – Mixael Şumaxer mövsümün lideri Fernando Alonsoya çataraq hücumlar etməyə başladı. Yeddiqat dünya çempionu pressinq tətbiq etsə də, Renault-nun gənc sürücüsü ötmələrin çətin olduğu bir trasda mükəmməl müdafiə olunaraq mövsümdə 3-cü qələbəsini qazandı. Finişdə 3-cü Censon Batton oldu.

Michael Schumacher, Fernando Alonso, Jenson Button
Mixael Şumaxer, Fernando Alonso və Censon Batton, 2005-ci il San Marino Qran Prisinin podiumu

Sonra: Finişdən sonra BAR komandası ciddi fırıldaqda ittiham olundu. Həmin mövsümün reqlamentinə əsasən, maşının sürücü ilə birlikdə yanacaqsız minimal çəkisi 600 kq ola bilərdi. İmolada yarışdan sonra Censonla birlikdə maşının çəkisi 606 kq olduğu üçün stüardlar maşını araşdırmağa başladılar. Məlum oldu ki, yanacaq çənində gizli rezervuar var və oraya sonuncu pit-stop zamanı əlavə yanacaq vurulurdu ki, FİA-nın təftişini keçmək mümkün olsun.

Bu fırıldaq böyük qalmaqala səbəb oldu – komanda nəinki San Marino Qran Prisinin protokollarından xaric olundu, həm də növbəti iki yarışa buraxılmadı.

Belçika Qran Prisi, 2008-ci il

Əvvəl: Yarışın 40-cı dövrəsində yağış damcılamağa başladı, yarışa startdan sonra başçılıq edən Kimi Rəykkönen və onu təqib edən Lyuis Həmilton boksa getmədilər. Nəm trasda britaniyalı daha sürətli olduğu üçün sonuncu döngədə rəqibinə çatdı və şikananı kəsərək onu qabaqladı. Mövqeyi geri qaytarmaq lazım idi – amma finlandiyalı sürücünü irəli buraxan Lyuis dərhal növbəti hücumla onu bir də keçdi. Daha sonra Kimi britaniyalı sürücünü keçdi və bir qədər liderlik etdikdən sonra yerində fırlanaraq trasdan çıxdı. Lyuis finiş xəttini 1-ci keçdi, son dövrədə həddindən artıq yavaş olan Massa 2-ci, son dövrəsində yağış təkərə keçərək bir çox sürücüləri qabaqlayan Nik Haydfeld isə 3-cü oldu.

Felipe Massa, Lewis Hamilton, Nick Heidfeld
Felipe Massa, Lyuis Həmilton və Nik Haydfeld, 2008-ci il Belçika Qran Prisinin podiumu

Sonra: Stüardlar Həmilton-Rəykkönen mübarizəsində britaniyalı sürücünü günahkar hesab edərək onun yekun nəticəsinin üzərinə 25 saniyə əlavə etdilər. Yarışın qalibi Massa elan olundu.

Avstraliya Qran Prisi, 2014-cü il

Əvvəl: Yeni turbomotor erası Daniel Rikkardo və onun azarkeşləri üçün fantastik başladı – Den yeni komandasında elə ilk yarışdaca dördqat dünya çempionu Sebastyan Fetteli üstələyərək finişdə yalnız Niko Rosberqə uduzdu. Onun bu uğuru hamı üçün gözlənilməz oldu.

Daniel Ricciardo, Nico Rosberg, Kevin Magnussen
Daniel Rikkardo, Niko Rosberq və Kevin Maqnussen, 2014-cü il Avstraliya Qran Prisinin podiumu

Sonra: Təəssüf ki, avstraliyalı sürücü növbəti dəfə öz ölkəsində podiumsuz qaldı – yanacaq sərfiyyatını ölçən cihaz RB10-da normadan artıq yanacaq sərfiyyatını göstərdi. Komanda nə qədər çalışsa da, nəticəni qoruya bilmədi. Beləliklə, Kevin Maqnussen karyerasının ilk yarışında 2-ci, onun komanda yoldaşı Censon Batton isə 3-cü oldu.

Meksika Qran Prisi, 2016-cı il

Əvvəl: Yarışın son dövrələrində Sebastyan Fettelin təkidli hücumlarından sonra Maks Ferstappen ilk döngəni kəsərək mövqeyini qorudu və almaniyalı sürücünü irəli buraxmadı. Bundan sonra Fettel özü Daniel Rikkardodan müdafiə olunarkən əylənmə zonasında trayektoriyasını dəyişdi. Canlı yayıma verilən radio danışıqlar zamanı Fettel keçmiş komandasının sürücüləri ilə bərabər FİA-nın yarış direktoru Çarli Uaytinqi də təhqir etdi. Finişdə Ferstappen 3-cü olsa da, mükafatçıların otağından geri çağırıldı – hollandiyalı sürücünün nəticəsinin üzərinə 5 saniyə əlavə olundu. Sebastyan Fettel isə podiuma komandanın boksundan qaça-qaça gəldi.

Nico Rosberg, Lewis Hamilton, Sebastian Vettel
Niko Rosberq, Lyuis Həmilton və Sebastyan Fettel, 2016-cı il Meksika Qran Prisinin podiumu

Sonra: Fettel özü də cərimə olundu – Rikkardonun hücumundan müdafiə zamanı trayektoriyasını dəyişdiyi üçün sürücünün son nəticəsinə 10 saniyə əlavə olundu. Beləliklə, Daniel Rikkardo podiuma qalxdı…

, , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*