Kimi Rəykkönen Amerikanın yarış trasları ilə tanışlığı davam etdirir. Dünən finlandiyalı sürücü NASCAR-ın ikinci liqasında, Nationwide seriyasında debüt edib. Bir həftə əvvəl Kimi üçncü liqada debüt etmişdi, bu dəfə 31 yaşlı sürücü daha ciddi səviyyədə öz qüvvəsini sınayıb və yarışı 27-ci yerdə başa vurub.
Sıralanma turunda 2007-ci ilin dünya çempionu 45 sürücü arasında 22-ci olub, yarışın gedişində isə 15-ci yerə yüksəlib, amma pit-leyndə sürət həddini aşdığı üçün cərimə alıb. Kimi daha bir əlavə pit-stop keçirməli olub – onun Toyota Camry-sinin altından digər sürücülərin qəzasından sonra düşmüş qırıntıları çıxarmaq lazım gəlib.
Kimi Rəykkönen: “Əvvəlcə hər şey yaxşı gedirdi, mən maşınları ötürdüm və maşından razı idim. Amma sonra sükanla problem üzə çıxdı, bir neçə dəfə divara çırpıldım.”
Ekspertlərin fikrincə, Kimi yarışı ilk 15-likdə başa vura bilərdi.
İndi sürücü Avropaya qayıdacaq və 16-19 iyunda Akropolis rallisində start alacaq və iyul ayında NASCAR Sprint Cup seriyasında debüt edə bilər…