Formula1-in keçmiş çempionu Kimi Rəykkönen bütün yarış dünyasını bir daha təəccübləndirib – artıq yayda biz finlandiyalı sürücünü okeanın o biri tayındakı NASCAR çempionatının oval traslarında görə bilərik. 2009-cu ilin sonunda Ferrari-ni tərk etdikdən sonra Kimi ralli üzrə dünya çempionatında şəxəş etməyə başlayıb, Citroen-in sükanı arxasında sürücü elə də böyük uğur qazana bilməyib…
İndi Kimi yeni layihəyə başlamağa hazırdır. Onun həmyerilərinin, Turun Sanomat qəzetinin jurnalistlərinin fikrincə, yayda Rəykkönen NASCAR-da debüt edəcək. Sürücü öz komandası ilə çıxış edəcək: Monreal hokkey və Liverpul futbol komandalarının sahibi amerikalı biznesmen Foster Cilletlə birlikdə İCE1 Racing komandası hazırlanır. Qəzetin bildirdiyinə görə, tezliklə Kimi hansı maşının sükanı arxasında ABŞ-da çıxış edəcəyini bildirməlidir.
Əvvəlcə Kimi pikapların yarışında (Nelsinyo Pike ilə görüşə bilər) gücünü sınayacaq, amma tezliklə Nationwide seriyasına keçməyi planlaşdırır, bundan sonra isə ən nüfuzlu Sprint Kubokuna – keçmiş komanda yoldaşı Xuan Pablo Mantoyya da burda yarışır.
Kimi Rəykkönen: “Mən NASCAR dünyası ilə yaxından tanış olmaq istəyirəm. Mən uzun müddətdir ki, bu yarışları izləyirəm və bilirəm ki, yüksək səviyyəli çox çətin və maraqlı yarışlardır. Mənim bu yarışların ruhundan xoşum gəlir və bu yarışlarda iştirak etmək mənə çox xoş olardı. Əlbəttə, bu asan olmayacaq.”
31 yaşlı finlandiyalı sürücü rallidə çıxışlarından da imtina etmir. Bu il Kimi hələ 8 yarışda start alacaq…