Bu gün səhər Malayziya Qran Prisinin mətbuat mərkəzində işləyən jurnalistlər xoş sürprizlə üzləşiblər.
Lotus komandası hamını dondurmaya qonaq edib, bunun səbəbi isə aydındır: Sepanqada yarışın yağış üzündən yarımçıq dayandırılmasından 3 il keçib, həmin an sürücülərin çoxu maşında oturaraq restartı gözlədikləri halda, Kimi Rəykkönen artıq paltarını dəyişmiş və Ferrari-nin boksunda dondurma yeyərkən kameralara düşmüşdü.
Dondurma ilə birlikdə jurnalistlərə komandanın firma blankında Kimi Rəykkönenin imzaladığı qısa reliz də göndərilib: “Əziz jurnalist dostlarım! Xahiş edirəm, dondurmaya qonaq olun. Ümid edirəm ki, bununla sərinləyəcəksiniz və qarşıdakı Malayziya Qran Prisinə xoş köklənəcəksiniz.”
Twitter-də yer almış çoxsaylı şən qeydlərə əsasən, Lotus komandasının təşəbbüsü mətbuat tərəfindən layiqincə qiymətləndirilib…