F-1.az dərgiyə istinadən bildirir ki, keçən il çempionatın maliyyə vəziyyəti belə olub: Formula1 komandalarının sponsor müqavilələrindən gəlirləri 9% azalaraq 943.9 milyon avro təşkil edib. Keçən il təqvimdə 21 yarış olduğu üçün FOM-un komandalara teleyayımdan ayırdığı gəlir cüzi artaraq 1 milyard 146 milyon avroya çatıb. Qeyd etmək lazımdır ki, çempionatın işgüzar tərəfdaşlığı da büdcəyə 699 milyon əlavə edib.
Beləliklə, çempionatda iştirak edən 10 komandanın büdcəsi əvvəlki mövsümlə müqayisədə 1.8% artaraq 2 milyard 768 milyon avro olub.
Ən böyük büdcəsi olan komanda Mercedes AMG-dir, almanlar komandanın hegemonluğuna 497.3 milyon avro vəsait xərcləyiblər. Ferrari komandası 473.5 milyon avroluq büdcə ilə keçən ili 3-cü yerdə başa vursa da, McLaren komandasının 451.7 milyon avroluq büdcəsinin havaya sovrulduğunu demək olar. Red Bull komandasının büdcəsi də 400 milyon avrodan bir qədər çoxdur.
Maraqlıdır ki, ilk dördlükdən sonra Renault komandası gəlir – şirkətin çempionata qayıtdığı ilk mövsümdə zavod komandasının büdcəsi 271.2 milyon avro təşkil edib. Növbəti yerlərdə isə Williams (185.3 milyon avro), Force İndia (145.1 milyon avro), Toro Rosso (125.3 milyon avro), Haas (117.6 milyon avro) və Sauber (90.9 milyon avro) komandaları qərarlaşıblar.