Artıq yeni il gəlib, bir neçə gündən sonra bayramlar başa çatacaq və komandalar bazalarına qayıdacaqlar: yeni maşınları mövsümöncəsi testlərə hazırlamaq lazımdır.
Bu dəfə reqlamentdə ciddi dəyişiklik edilməyib, bəzi maşınlar artıq FİA-nın məcburi qəza yoxlamalarını (krəş test) keçib, ona görə də fevralın 5-də Xeresdə ilk test günüdə bütün komandaların yeni maşınlarla toplaşması gözlənilir, əlbəttə, əgər hər hansı bir gözlənilməz hadisə baş verməsə.
2011-ci ildə komandalar mövsümöncəsi testlərdə 15 gün işləmişdilər, 2012-ci ildə mövsümün əvvəlinə qədər 12 gün test traslarında çalışan komandalar mövsümün gedişində may ayında Mucelloda daha 3 gün toplaşmışdılar. Bu dəfə isə mövsümün gedişində testlər olmayacaq və komandalar mövsümün startına qədər yalnız 12 gün işləyə biləcəklər.
12 test günü hər biri dörd gündən ibarət olmaqla 3 seriyaya bölünüb. Dördgünlük ilk seriya Xeresdə 5-8 fevralda keçiriləcək. Sonrakı iki seriyanın isə Barselonada (19-22 fevral və 28 fevral-3 mart) keçirilməsi planlaşdırılıb…