Keyptaun yarışında da Koşta qələbə qazanıb

Elektrikli maşınların Formula E dünya çempionatında mövsümün 5-ci yarışı ilk dəfə Cənubi Afrikada baş tutub.

F-1.az xəbər verir ki, Keyptaun şəhərində salınmış 12 döngədən ibarət süni tras əvvəldən ötmələrin çətin olacağı proqnozunu doğruldub. Ötmələr az olsa da, yarışın qalibi məhz gözəl ötmə ilə müəyyən edilib.

Nissan-dan Saşa Fenestraz debüt mövsümündə ilk dəfə pouldan start alsa da, tezliklə Maserati-dən Maks Günter irəli çıxıb.

Çempionatın lideri Paskal Verlyaynın startda itirdiyi mövqeləri cəld qaytarmaq cəhdi almaniyalı sürücünün arxadan Sebastyan Buemiyə çırpılması və mübarizəni dayandırması ilə nəticələnib. Maserati-dən Edoardo Mortaronun trasda dayanması isə Təhlükəsizlik Maşınının trasa çıxması ilə nəticələnib.

5-ci dövrədə mübarizə canlanıb. 10-cu dövrədə Saşa daha bir mövqe itirib – bu dəfə Kəssidi onu qabaqlayıb. Nik sürətlə yarışın liderinə yaxınlaşıb və onun hücum modunu aktivləşdirmək üçün trayektoriyadan çıxmasından yararlanaraq liderliyi ələ alıb.

20-ci dövrədə Günter səhvə yol verib, döngəyə girə bilməyən sürücü baryerlərdə asılqanını sındırıb – Maserati üçün növbəti uğursuzluq yaşanıb.

Növbəti restartdan sonra Kəssidinin təqibçiləri dəyişiblər – indi onu çox təcrübəli Antoniu da Koşta və Jan Erik Vern izləyiblər. 23-cü dövrədə Koşta gözəl ötmə ilə Niki qabaqlayıb, bir dövrə sonra isə Jan hücum modu hesabına 2-ci yerə yüksəlib. Növbəti dövrədə isə Koşta hücum modunu aktivləşdirərkən Vern liderliyi ələ keçirib.

Geri düşən da Koşta keçmiş komanda yoldaşını ötmək üçün yollar axtarıb. İki çempionun mübarizəsi həyəcanlı izlənilib. Yalnız son dövrədə portuqaliyalı çempion fransalı həmkarını gözəl ötmə ilə qabaqlaya bilib.

Beləliklə, da Koşta mövsümün 5-ci yarışında Porsche komandasına 3-cü, Porsche motorlarına isə 4-cü qələbəni qazandırıb.

Vern və Kəssidi isə podiumu tamamlayıblar.

Verlyayn və Ceyk Dennis bu yarış xal qazanmasalar da çempionatda mövqeləri dəyişməyib. Paskal 80 xalla liderdir, Ceykin isə 62 xalı var. Vern 50 xalla 3-cü, da Koşta 46 xalla 4-cü, Kəssidi isə 43 xalla 5-cidir. Komandaların yarışında isə Porsche-nin Envision üzərində 42 xallıq üstünlüyü var.

Çempionat iştirakçıları növbəti dəfə bir aydan sonra San Pauluda bir araya gələcəklər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*