Yamaha və Honda sürücüləri arasında gərgin mübarizə sonuncu dövrəyədək davam edib və çempionatın ən titullu sürücüsünün xeyrinə başa çatıb.
Yarışın startı Rossi üçün uğurlu alınmayıb – 5-ci yerdən start alan Doktor ilk dönəyə 6-cı girib. Bundan sonra əla temp götürən Vale rəqiblərini bir-bir keçməyə başlayıb. Yarışın düz ortasında isə öz komanda yoldaşını üstələyən Rossi liderliyi ələ alıb. Mark Markes də Lorensonu keçərək Doktoru izləməyə başlayıb.
Yarışın sonuna 5 dövrə qalmış ispaniyalı sürücü doğma trasında tamaşaçıların gözləri önündə hücumlara başlayıb. Markes bir neçə dəfə önə keçsə də, Rossi hər dəfə liderliyi özünə qaytara bilib – finişə iki dövrə qalmış irəli çıxan italiyalı sürücü rəqibindən uzaqlaşmağa başlayıb. Bu zaman səhvə yol verən Mark qələbə şansını da qaçırıb.
Finış xəttini 3-cü yerdə Markın komanda yoldaşı və həmyerlisi Dani Pedrosa keçib – Dani digər sürücülərdən kifayət qədər sürətli olsa da, liderlərə çox uduzub. Pedrosaya 20 saniyə uduzan Suzuki-nin sürücüsü Maverik Vinyales 4-cü yeri tutub.
Yarışın ilk yarısında liderlik etmiş Lorenso isə finişə çata bilməyib. Təkərlərin effektliyini itirən sonuncu dünya çempionunu sürücülər bir-bir keçməyə başlayıblar. Rossidən sonra Markes, Pedrosa və Vinyales Xorxeni asanlıqla üstələyə biliblər, Ducati-nin sürücüsü Andrea Yannone isə bunu edə bilməyib: sürücülər toqquşublar və hər ikisi üçün mübarizə başa çatıb.
Bu yarışdan sonra Markes çempionatda liderliyə yüksəlib. Çempionatın növbəti yarışı isə 3 həftədən sonra Hollandiyanın Assen trasında baş tutacaq…
Yer | Sürücü | Komanda | Motosiklet | Zaman/Fərq | Dövrə |
1 | Valentino Rossi | Yamaha Factory Racing | Yamaha YZR-M1 | 44:37.589 | 25 |
2 | Mark Markes | Repsol Honda Team | Honda RC213V | + 0:02.652 | 25 |
3 | Dani Pedrosa | Repsol Honda Team | Honda RC213V | + 0:06.313 | 25 |
4 | Maverik Vinyales | Team Suzuki MotoGP | Suzuki GSX-RR | + 0:24.388 | 25 |
5 | Pol Esparqaro | Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | + 0:29.546 | 25 |
6 | Kel Kratçlou | Team LCR | Honda RC213V | + 0:36.244 | 25 |
7 | Andrea Dovitsiozo | Ducati Team | Ducati Desmosedici GP16 | + 0:41.464 | 25 |
8 | Alvaro Bautista | Aprilia Racing Team | Aprilia RS-GP | + 0:42.975 | 25 |
9 | Danilo Petruççi | Pramac Racing | Ducati Desmosedici GP15 | + 0:45.337 | 25 |
10 | Hektor Barbera | Avintia Racing | Ducati Desmosedici GP14 | + 0:46.669 | 25 |
11 | Cek Miller | Marc VDS Racing Team | Honda RC213V | + 0:49.514 | 25 |
12 | Ştefan Bradl | Aprilia Racing Team | Aprilia RS-GP | + 0:55.133 | 25 |
13 | Yucin Laverti | Aspar Racing Team | Ducati Desmosedici GP14 | + 0:57.974 | 25 |
14 | Tito Rabat | Marc VDS Racing Team | Honda RC213V | + 1:00.141 | 25 |
15 | Mikele Pirro | Avintia Racing | Ducati Desmosedici GP14 | + 1:00.429 | 25 |
16 | Skott Reddinq | Pramac Racing | Ducati Desmosedici GP15 | + 1:16.269 | 25 |
17 | Yonni Hernandes | Aspar Racing Team | Ducati Desmosedici GP14 | + 1 dövrə | 24 |
– | Aleş Esparqaro | Team Suzuki MotoGP | Suzuki GSX-RR | – | 18 |
– | Andrea Yannone | Ducati Team | Ducati Desmosedici GP16 | – | 16 |
– | Xorxe Lorenso | Yamaha Factory Racing | Yamaha YZR-M1 | – | 16 |
– | Brədli Smit | Monster Yamaha Tech 3 | Yamaha YZR-M1 | – | 6 |