Kanadada tilsim qırılacaq?

Mövsümün 8-ci yarışı Kanadaya artıq bir saat qaldı. Bəs burada nə baş verəcək? Azarkeşlər Red Bull sürücülərindən fərqli qalib görəcək?

Maks Ferstappen cümə günündən sonra qabarlardan və porebriklərdən narazı olsa da, şənbə günü sıralanma turunda yenidən özünə qayıtdı və ən yaxın rəqibi Fernando Alonsoya 1.4 saniyə fərq ataraq, növbəti dəfə poul qazandı.

Max Verstappen and Jean Alesi
Max Verstappen and Jean Alesi

Əslində bu gözlənilən idi. Dəfələrlə Ferstappenin cümə günü çətinlik çəkib, daha sonra sıralanma turunda parladığını görmüşük. Lakin niderlandlı dünən təmiz başqa liqada idi. O, bütün sessiyalarda üstünlüyünü əldən vermədi. Hətta, Alonso ilə aralarında əyləncəli keçən mübarizədə də birbaş üstün olan tərəf məhz Maks idi.

Fernando Alonso isə keçən il olduğu kimi bu il də yarışa ikinci yerdən başlayacaq. Keçən il həm Alpine-in gücü yox idi, həm də komandası strategiyada səhv etmişdi. Bu il isə ispaniyalı sürücü Aston Martin-dədir. “Yaşıllar” həm daha inamlı təsir bağışlayır, həm də Alonso artıq keçənilki səhvləri edən deyil. Düzdür, ikiqat Dünya Çempionunun Kanada ilə bağlı elə də xoş xatirələri yoxdur. Məsələn, 2007-ci ildə yaşadığı əyləc problemi və aldığı pitdənkeçmə cəzası, 2008 və 2011-ci ildə burada etdiyi qəza,  2012-ci ildə qazana biləcəyi yarışda komandasının səhv strategiyasına görə geri düşməsi və s. Lakin Alonso əminik ki, bütün bunlardan dərs çıxarıb.

Günün digər qəhrəmanı isə sözsüz ki, Həmilton idi. bu trasda karyerasının ilk qələbəsini qazanan qaradərili sürücü sıralanma turunda da yaxşı performans göstərdi deyə bilərik. Komanda yoldaşı Rasselli qabaqladı. Bu trasın yeddiqat Dünya Çempionu üçün əlamətdar olduğunu düşünsək, bu gün yarışda qazana bilər. Düzdür, bunun üçün ona bəxti də kömək etməlidir.

Niko Hülkenberq isə Haas komandasının rəhbəri Günter Ştaynerin üzünü ağ çıxarmaqda davam edir. Bu il növbəti dəfə son sessiyaya qaldı və boş yerə Mik Şumaxerin yerinə seçilmədiyini göstərdi. Almaniyalı sürücünün bu üstün performansı Kevin Maqnussenin yerini təhlükəyə sala bilər.

Ferrari komandasına gəldikdə isə… “Qırmızılar” yenə də strategiyada səhv edərək, Şarl Leklerin son sessiyaya çıxa bilməməsində “önəmli” rol oynadılar. Komanda artıq son 3-4 yarışda strategiyada faciəvi qərarlar verir. Belə getsə, onlar çempionatda dördüncülüyü də itirəcəklər. Bundan başqa dünən Karlos Sayns son döngədə Pyer Qaslini əngəllədiyi üçün 3 yer itirmək cəzası aldı. Ola bilsin Karlos spreyə görə arxadan gələn rəqiblərini görmür. Bəs komanda körpüsü ona bu barədə məlumat vermir? Şarl Lekler isə ardıcıl 2-ci yarışdır ki, son sessiyaya qala bilmir. Sıralanma turu cəhətdən peletonun ən güclülərindən olan monakolu üçün bu heç də yaxşı hal deyil…

Günün digər anti-qəhrəmanı isə sözsüz ki, Serxio Peres idi. Meksikalı sürücü ardıcıl üçüncü yarışdır ki, sıralanma turunda son sessiya görmür. Onun Avropa yarışlarından etibarən zəifləyəcəyini əvvəlki yazılarımda qeyd etmişdim, amma bu zəifləmək deyil, birbaşa çökməkdir. Çeko hazırda özünü 2019-cu ildəki Pyer Qasli kimi aparır. Maks Ferstappen ardıcıl 3-cü yarışda poul qazandığı halda, Serxio heç son sessiyaya belə qala bilmir. Deyəsən Mayamidə Maksın 9-cu yerdən gəlib Serxionu keçməsi ona pis təsir edib. Məhz o yarışdan sonra özünə gələ bilmir. Monakodan xal ala bilmədi, Barselonada isə 4-cü olaraq, podiumdan kənarda qaldı.

Günün ən böyük qəhrəmanı isə sözsüz ki, Aleks Elbon idi. Williams komandasının düzgün strategiyasını da arxasına alan taylandlı sürücü sıralanma turunun ikinci sessiyasında birinci yeri tutaraq, son sessiyaya qaldı. Bu son çətin dövrlər keçirən Williams üçün çox böyük motivasiya ola bilər.

Günün ən böyük anti-qəhrəmanı isə zənnimcə Ləns Stroll idi. Komanda yoldaşı Alonso poul uğrunda mübarizə apardığı halda, o, son sessiyaya qala bilmədi. Üstəlik rəqibini əngəllədiyi üçün yarışın startında 3 yer itirdi. Yəni ki, yerli qəhrəman olancağı yerdə yerli anti-qəhrəman oldu.

Artıq yarışa 1 saat qaldı. Kanada yarışı bəzən bol sürprizli yarışlarla yadda qalıb. Məsələn, 2011, 2014-cü illərdəki kimi. Bəs bu il? Təxminən 3 saatdan sonra biləcəyik.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*