Quru. Günəşli. Havanın temperaturu +24° C, trasın temperaturu +30° C
Cümə və şənbə günləri Kanada trasını yağış yuyub, asfalt işlənmiş rezinlə örtülməyib və bazar günü onun vəziyyəti elə də yaxşı olmayıb. Uik-endin gedişində yalnız bir məşq sessiyası quru havada baş tutub, komandalar iki slik tərkibinin effektliyini layiqincə qiymətləndirə bilmədikləri üçün strategiya seçimində əminlik olmayıb.
Dünən sıralanma turu da nəm asfaltda keçib, ona görə də yarış üçün hamı kifayət qədər təzə slik təkər dəstinə malik olub və yarışın ilk mərhələsində hamının təkər seçimi azad idi – komandalar optimal seçim axtarışında olublar.
Sebastyan Fettel karyerasında 39-cu, mövsümdə isə 3-cü poulunu qazanıb. Onunla birlikdə ilk cərgədən start almaq şərəfinə Lyuis Həmilton nail olub. 3-cü yeri isə heç kimin gözləmədiyi Valtteri Bottas tutub.
Üç sürücü startda yer itirməli olub: Roman Qrojan iki həftə əvvəl Monakodakı qəzasına görə 10 yer, Rəykkönen və Rikkardo isə sıralanma turunda pit-leyn düzümünü pozduqlarına görə 2 yer itirmək cəzası almışdılar, amma faktiki olaraq Roman 3 yer, Kimi və Daniel isə 1 yer itiriblər.
Nəticədə yarışın ilk hissəsinə Medium tərkibini di Resta, Byanki, Çilton və Qrojan seçiblər, digər sürücülər isə SuperSoft tərkibinə üstünlük veriblər.
Start insidentsiz ötüşüb. Fettel poulun üstünlüyünü saxlayıb, Bottas iki mövqe itirib, Rikkardo Rəykköneni qabaqlayıb. 2-ci dövrədə Alonso Bottası, Massa isə Batton və Maldonadonu üstələyiblər. 3-cü dövrənin sonunda ilk onluq: Fettel – Həmilton – Rosberq – Uebber – Alonso – Bottas – Vern – Sutil – Rikardo – Rəykkönen.
6-cı dövrədə Vern Bottası qabaqlayıb, fürsətdən istifadə edən Sutil də finlandiyalı sürücüyə hücuma keçib, amma almaniyalı sürücünün maşını yerində 360 dərəcə fırlandıqdan sonra yoluna davam edib. 9-cu dövrədə Massa əvvəlcə Peresi, sonra isə Hülkenberqi ötüb. Rikkardonun arxasında böyük qrup toplanıb, avstraliyalı sürücünü əvvəlcə Rəykkönen keçib, sonra Daniel boksa dönməzdən əvvəl Massa da onu keçib.
13-cü dövrədə Rikkardo, Hülkenberq və Maldonado, 14-cü dövrədə Uebber, Vern və Peres, 15-ci dövrədə Rosberq və Bottas, 16-cı dövrədə Fettel və Alonso, 18-ci dövrədə Massa, 19-cu dövrədə Həmilton ilk pit-stoplarını reallaşdırıblar. Sutilə arxadan çırpıldığı üçün Maldonado pit-leyndən keçmək cəzası alıb – 18-ci dövrədə Pastor cəzasını çəkib. 20-ci dövrədə Massa Qutyerresi keçib, 21-ci dövrədə Maldonado və Peres də Estebanı qabaqlayıblar.
23-cü dövrədə Rəykkönen boksa yollanıb və Lotus mexanikləri vaxt itiriblər, 24-cü dövrədə Sutil və Massa Battonu üstələyiblər. Felipe bir neçə dəfə Adriana hücum etsə də, almaniyalı sürücü məharətlə müdafiə olunub. 28-ci dövrədə Batton boksa yollanıb. 31-cü dövrədə uzun sürən mübarizədən sonra Uebber və Alonso Rosberqi keçə biliblər və Niko peletonda ilk olaraq ikinci pit-stopuna yollanıb. Bu zaman Fettelin Həmilton üzərində üstünlüyü 18 saniyəyə çatıb – liderlə eyni dövrədə yalnız 11 sürücü qalıb. 35-ci dövrədə ilk onluq: Fettel – Həmilton – Uebber – Alonso – Rosberq – Vern – di Resta – Qrojan – Sutil – Massa. Di Resta və Qrojan hələ pit-stop keçirməmişdilər.
Uebber van der Qardeni bir dövrə qabaqlayarkən maşınlar arasında təmas yaşanıb və Markın maşınında ön antiqanadın bəzi elementləri sınıb – stüardlardan hollandiyalı sürücüyə 10 saniyəlik Stop&Go cəriməsi gəlib. 42-ci dövrədə Alonso Uebberi üstələyərək 3-cü yerə yüksəlib.
43-cü dövrədə Massa pit-stop keçirib, 44-cü dövrədə Qrojan ilk pit-stopuna yollanıb, 45-ci dövrədə Peres, 47-ci dövrədə Uebber, 48-ci dövrədə Alonso, 49-cu dövrədə Həmilton, 50-ci dövrədə Fettel yeni təkər dəsti alıblar. Van der Qarde və Hülkenberq arasında təmas yaşanıb və hər iki sürücü mübarizəni dayandırıb. 51-ci dövrədə ilk onluq: Fettel – Həmilton – Alonso – Uebber – Rosberq – Vern – di Resta – Sutil – Rəykkönen – Qrojan.
52-ci dövrədə Fettel şikananı kəsib, amma 4 saniyə itirərək yoluna davam edib. 55-ci dövrədə Qrojan yenidən pitə yollanıb, 57-ci dövrədə di Resta özünün ilk pit-stopunu gerçəkləşdirib. 58-ci dövrədə Rosberq 3-cü, Vern isə 2-ci pit-stopunu keçiriblər.
Sutil uzun müddət Həmilton-Alonso cütlüyünü irəli buraxmayıb və stüardlar tərəfindən mavi bayraqlara məhəl qoymadığı üşün pit-leyndən keçmək cəzası alıb. Fernando Lyuisə aktiv pressinq tətbiq etməyə başlayıb və 63-cü dövrədə irəli çıxıb. Həmilton əks hücuma keçib, maşınlar arasında kiçik təmas yaşanıb, amma hər iki sürücü yoluna davam edib.
66-cı dövrədə Qutyerres mübarizədən kənar qalıb – sürücü boksdan çıxarkən ön təkərləri bloka salıb və döngəyə girə bilməyib. 69-cu dövrədə Massa Rəykköneni qabaqlayaraq 8-ci yerə yüksəlib.
Sebastyan Fettel Kanada Qran Prisində inamlı qələbə qazanıb – liderlə bir dövrədə yarışı yalnız 4 sürücü başa vurub. Almaniyalı sürücü karyerasında 29-cu, mövsümdə isə 3-cü qələbəsinə sevinib. Fernando Alonso 6-cı yerdən start alarkən itkilərini minimuma endirərək finişdə 2-ci olub, Lyuis Həmilton podiumu tamamlayıb.
Jan Erik Vern 6-cı olmaqla karyerasının ən yaxşı nəticəsinə imza atıb, Williams komandası isə ardıcıl 7-ci yarışında xal qazana bilməyib. Alonso 90-cı podiumunu qazanıb, Rəykkönen isə ardıcıl 24-cü yarışında xal qazanmaqla Mixael Şumaherin nəticəsini təkrarlayıb.
Üç həftədən sonra mübarizə Silverstounda davam edəcək!
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | S.Fettel | Red Bull | Renault | 1.32:09.143 |
02 | F.Alonso | Ferrari | Ferrari | + 0:14.408 |
03 | L.Həmilton | Mercedes AMG | Mercedes | + 0:15.942 |
04 | M.Uebber | Red Bull | Renault | + 0:25.731 |
05 | N.Rosberq | Mercedes AMG | Mercedes | + 1:09.725 |
06 | J.E.Vern | Toro Rosso | Ferrari | + 1 dövrə |
07 | P.di Resta | Force İndia | Mercedes | + 1 dövrə |
08 | F.Massa | Ferrari | Ferrari | + 1 dövrə |
09 | K.Rəykkönen | Lotus | Renault | + 1 dövrə |
10 | A.Sutil | Force İndia | Mercedes | + 1 dövrə |
11 | S.Peres | McLaren | Mercedes | + 1 dövrə |
12 | C.Batton | McLaren | Mercedes | + 1 dövrə |
13 | R.Qrojan | Lotus | Renault | + 1 dövrə |
14 | V.Bottas | Williams | Renault | + 1 dövrə |
15 | D.Rikkardo | Toro Rosso | Ferrari | + 2 dövrə |
16 | P.Maldonado | Williams | Renault | + 2 dövrə |
17 | J.Byanki | Marussia | Cosworth | + 2 dövrə |
18 | Ş.Pik | Caterham | Renault | + 3 dövrə |
19 | M.Çilton | Marussia | Cosworth | + 3 dövrə |
20 | E.Qutyerres | Sauber | Ferrari | + 7 dövrə |
– | N.Hülkenberq | Sauber | Ferrari | – |
– | Q.van der Qarde | Caterham | Renault | – |
Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:16.182 (69-cu dövrə).
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | S.Fettel | Red Bull | Renault | 132 |
02 | F.Alonso | Ferrari | Ferrari | 96 |
03 | K.Rəykkönen | Lotus | Renault | 88 |
04 | L.Həmilton | Mercedes AMG | Mercedes | 77 |
05 | M.Uebber | Red Bull | Renault | 69 |
06 | N.Rosberq | Mercedes AMG | Mercedes | 57 |
07 | F.Massa | Ferrari | Ferrari | 49 |
08 | P.di Resta | Force İndia | Mercedes | 34 |
09 | R.Qrojan | Lotus | Renault | 26 |
10 | C.Batton | McLaren | Mercedes | 25 |
11 | A.Sutil | Force İndia | Mercedes | 17 |
12 | J.E.Vern | Toro Rosso | Ferrari | 13 |
13 | S.Peres | McLaren | Mercedes | 12 |
14 | D.Rikkardo | Toro Rosso | Ferrari | 7 |
15 | N.Hülkenberq | Sauber | Ferrari | 5 |
16 | E.Qutyerres | Sauber | Ferrari | 0 |
17 | V.Bottas | Williams | Renault | 0 |
18 | P.Maldonado | Williams | Renault | 0 |
19 | J.Byanki | Marussia | Cosworth | 0 |
20 | Ş.Pik | Caterham | Renault | 0 |
21 | M.Çilton | Marussia | Cosworth | 0 |
22 | Q.van der Qarde | Caterham | Renault | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 201 |
02 | Ferrari | Ferrari | 145 |
03 | Mercedes AMG | Mercedes | 134 |
04 | Lotus | Renault | 114 |
05 | Force İndia | Mercedes | 51 |
06 | McLaren | Mercedes | 37 |
07 | Toro Rosso | Ferrari | 20 |
08 | Sauber | Ferrari | 5 |
09 | Williams | Renault | 0 |
10 | Marussia | Cosworth | 0 |
11 | Caterham | Renault | 0 |