Kanada-2017: Sıralanma turu

Kanadada poulu qazanmaq çox da böyük əhəmiyyət daşımır, çünki trasın konfiqurasiyası ötmələrə imkan verir. Lakin burada son 10 ildə 6 dəfə pouldan başlayan sürücü qalib gəlib. Lyuis Həmilton bunu dörd dəfə bacarıb və bu qələbələrdən ikisi son iki yarışa təsadüf edir.

F-1.az xatırladır ki, sərbəst yürüşlərdə Ferrari bir qədər öndə görünürdü. Həmilton ilk sessiyanı qalib kimi başa vurmuşdusa da, Rəykkönen dünən ikinci sessiyada hamını üstələmişdi. Bu gün səhər baş tutan üçüncü sessiyada isə italyan komandanın sürücüləri ilk iki yerdə qərarlaşmışdılar, lakin bu dəfə Fettel protokollara başçılıq etmişdi.

Pirelli Kanadaya ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirib. Sıralanma turundan əvvəl asfaltın temperaturu +40 dərəcəyə çatlıb ki, bu da təkərlərin qızdırılmasına kömək edib.

Birinci sessiyada Ferrari sürücüləri SuperSoft, qalan sürücülər isə UltraSoft təkərlərlə boksları tərk ediblər. Hamının trasda olması sıxlıq yaradıb və sürücülər bir-birilərinə mane olublar. Vandorn, Rəykkönen və Verlyayn asfaltdan çıxsalar da, maşınlara zərər dəyməyib və sessiyanı davam etdiriblər. Lakin sessiyanın sonunda Verlyayn birinci döngədə idarəetməni itirib və bariyerlərə çırpılıb. Bottas protokollara başçılıq edib – 1:12.685. Vandorn, Stroll, Maqnussen, Eriksson və Verlyayn mübarizəni dayandırıblar.

İkinci sessiyada bütün sürücülər UltrSoft təkərlərlə trasa çıxıblar. Həmilton ilk cəhddən liderliyi ələ alıb, növbəti cəhdində isə nəticəsini daha da yaxşılaşdırıb – 1:12.496. Bottas və Rəykkönen ona 0.1 saniyədən az uduzublar. Fettel isə ikinci cəhdindən imtina edib. Mübarizəni dayandıran sürücülər isə Kvyat, Alonso, Sayns, Qrojan və Palmer olublar.

Son sessiyada Fettel ilk cəhddə liderliyi ələ alsa da, Həmilton olduqca sürətli dövrə vuraraq onu böyük fərqlə üstələyib – 1:11.791. Bütün sürücülər boksa yollansalar da, Fettel dövrələrini davam etdirib və ikinci sektorda səhvə yol verməsinə baxmayaraq, Həmiltona cəmi 0.004 saniyə uduzub. Sessiyanın sonunda bütün sürücülər trasa qayıdıblar. Həmiltonun növbəti sürətli dövrəsi isə möhtəşəm olub – 1:11.459! Bu, həm də trasın yeni rekordudur.

Bu, Lyuisin karyerasında 65-ci, cari mövsümdə dördüncü, Kanadada isə altıncı pouludur. Britaniyalı sürücü poul sayına görə Ayrton Sennaya çatıb. Daha üç poul qazanarsa, Mixael Şumaxerlə bərabərləşəcək. Sıralanma turundan sonra Sennanın ailəsi Lyuisə əfsanəvi sürücünün dəbilqələrindən birini təqdim edib.

Sabah bizi olduqca maraqlı yarış gözləyir. Həmiltondan 0.3 saniyə geri qalan Fettel yarışa ikinci yerdən başlayacaq. Bottas üçüncü, Rəykkönen isə dördüncü yerdən start alacaq. Üçüncü cərgə isə yenə də Red Bull sürücüləri tərəfindən zəbt olunub.

Kanada Qran Prisi sabah Bakı vaxtı ilə 22:00-da start götürəcək…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 2 1:12.692 6 1 1:12.496 8 1:11.459 7
2 5 Sebastyan Fettel Ferrari 3 1:13.046 8 4 1:12.749 4 1:11.789 9
3 77 Valtteri Bottas Mercedes AMG 1 1:12.685 6 2 1:12.563 7 1:12.177 7
4 7 Kimi Rəykkönen Ferrari 9 1:13.548 7 3 1:12.580 9 1:12.252 7
5 33 Maks Ferstappen Red Bull 4 1:13.177 9 5 1:12.751 9 1:12.403 8
6 3 Daniel Rikkardo Red Bull 8 1:13.543 10 6 1:12.810 10 1:12.557 8
7 19 Felipe Massa Williams 5 1:13.435 10 7 1:13.012 9 1:12.858 8
8 11 Serxio Peres Force İndia 6 1:13.470 6 8 1:13.262 8 1:13.018 8
9 31 Esteban Okon Force İndia 7 1:13.520 6 9 1:13.320 9 1:13.135 7
10 27 Niko Hülkenberq Renault 13 1:13.804 8 10 1:13.406 10 1:13.271 6
11 26 Daniil Kvyat Toro Rosso 12 1:13.802 11 11 1:13.690 7
12 14 Fernando Alonso McLaren 10 1:13.669 10 12 1:13.693 8
13 55 Karlos Sayns Toro Rosso 15 1:14.051 11 13 1:13.756 8
14 8 Roman Qrojan Haas 11 1:13.780 11 14 1:13.839 10
15 30 Colion Palmer Renault 14 1:13.990 11 15 1:14.293 9
16 2 Stoffel Vandorn McLaren 16 1:14.182 11
17 18 Ləns Stroll Williams 17 1:14.209 14
18 20 Kevin Maqnussen Haas 18 1:14.318 11
19 9 Markus Eriksson Sauber 19 1:14.495 11
20 94 Paskal Verlyayn Sauber 20 1:14.810 10
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*