F-1.az bildirir ki, KamAZ Master komandası bu il 40-cı yubiley marafonunu keçirəcək Dakar yarışında 4 ekipajla təmsil olunacaq. Marafonun son qalibi Eduard Nikolayevin ekipajında dəyişiklik olmayacaq – sürücünü şturman Yevgeniy Yakovlyev və mexanik Vladimir Rıbakov müşayiət edəcəklər. Marafonun 2015-ci ildə qalibi olmuş Ayrat Mardeyevin çempion ekipajı da dəyişməz qalıb – Ayrata şturman Aydar Belyayev və mexanik Dmitriy Svistunov yoldaşlıq edəcəklər.
Dmitriy Sotnikov bu dəfə Cənubi Amerikaya şturman Ruslan Əhmədeyev və mexanik İlnur Mustafinlə bir kabinədə yollanacaq, Anton Şibalov isə şturman Dmitriy Nikitin və mexanik İvan Romanovla birlikdə çalışacaq. Təəssüf ki, 2014-cü il marafonunun qalibi Andrey Karqinov bu dəfə ralli-reydə qoşula bilməyəcək – sürücü hələ də son yarışda aldığı zədələrdən tam sağalmayıb.
KamAZ komandasının 4 maşınından birində gələn ilin reqlamentinə uyğun olan 6 silindrli 13 litrlik mühərrik quraşdırılıb. Yanvarın 6-da Limada start alacaq marafonda komanda bu dəfə kapotlu maşınlardan istifadə etməyəcək.
Komanda qərara alıb ki, gələn il dörd dəfə qalib gəldiyi “Afrika Eko Reys” marafonuna qatılmasın. Bu marafonda iki KamAZ-dan birində qazla çalışan mühərrik olurdu. Sonda qeyd edək ki, gələn ilin yayında keçiriləcək “İpək yolu” marafonu üçün komanda dizel yanacağı və qaz qatığışı ilə çalışan Liebherr mühərriyi hazırlayır…