F-1.az xəbər verir ki, bu dəfə qələbəyə Kalle Rovanpera sevinib. Toyota-nın gənc sürücüsü mövsümə Monakoda ikinciliklə başladıqdan sonra ardıcıl 3 mərhələni podiumun bir addımlığında başa vurmuşdu. Nəhayət, tarixin ən gənc çempionu mövsümdə ilk qələbəsini qazanıb.
Finlandiyalı sürücü hələ cümə günü liderliyi ələ alıb, şənbə günü rəqibləri ilə fərqi artırıb və bu gün daha iki dopda, o cümlədən sonuncu bonus xalların verildiyi dopda birinci olub.
Podiumu Hyundai komandasının sürücüləri tamamlayıblar. Veteran Dani Sordo cümə günü liderə cəmi 10 saniyə uduzsa da, daha sonra fərq bir dəqiqəyə yaxınlaşıb. Esapekka Lappi əvvəlcə komanda yoldaşı Tyerri Növill və Toyota-dan Elfin Evansla podiumun son pilləsi uğrunda mübarizə aparsa da, sonda tək qalıb və ardıcıl ikinci mərhələdə podiuma qalxıb.
Ford-un mübarizədə qalan yeganə sürücüsü Ott Tənak cümə günü geri düşsə də, rəqiblərin problemləri sayəsində rallini 4-cü yerdə başa vurub.
Tyerri Növillin maşınında bu gün turbin sıradan çıxıb və sürücü hər dopda bir dəqiqədən çox vaxt itirərək, finişdə yalnız 5-ci olub.
Premyer sinfin digər sürücüləri isə cümə və şənbə günləri mübarizəni dayandırıblar.
Bu qələbədən sonra Kalle çempionatda liderliyi ələ keçirib. İndi onun aktivində 98 xal var. Ott Tənak ikinci yerdə qərarlaşıb – 81 xal.
Növbəti dəfə çempionat iştirakçıları iyunun əvvəlində Keniyada əfsanəvi Ssafari Rallisində bir araya gələcəklər…