Kadr arxasındakı səs: Formula1 yarışlarını necə şərh edirlər?

İdman şərhçiləri – adətən, onların səsini kadr arxasından eşidirsiniz. Onların səsini minlərlə Formula1 azarkeşi tanıyır. Bəs canlı efirdə onların işi nədən ibarətdir? Bu yazı onların işinə həsr olunub.

Hazırlıq

Bakı Şəhər Halqasının (BŞH) komandası Çin Qran Prisinin sıralanma turunun yayımı zamanı İdman-Azərbaycan kanalının qonağı olub. Efirə hazırlıq canlı yayıma bir saat qalmış başlayır. Şərhçilər son xəbərləri nəzərdən keçirirlər, hava proqnozuna baxırlar və yenicə başa çatmış sərbəst yürüşlərin üçüncü sessiyasını müzakirə edirlər.

Efirdən bir qədər əvvəl yayımın rejissoru ilə görüşürük – canlı yayımın startına hər şeyin hazır olduğunu öyrənirik. Bundan sonra işçi kabinetə yollanırıq – balaca şərhçi otağında əlavə heç nə yoxdur. Böyük otaq iş prosesinə mane ola bilər – istənilən kənar səs yayımın keyfiyyətini aşağı salır.

Starta 15 dəqiqə qalmış əlavə avadanlıqlar prosesə qoşulur: efir iki böyük monitorda əks olunur, şərhçilər isə iki kompüter və planşetdən istifadə edirlər – çempionatın rəsmi xronometraj səhifəsini və komandaların sosial şəbəkələrdəki səhifələrini izləmək lazımdır, komandalar müxtəlif məlumatları sosial şəbəkələrdə yayırlar.

Başlanğıc

Beləliklə, efir salamlamadan və sıralanma turu ərəfəsində qüvvələr nisbətinin təhlilindən başlayır. Çin Qran Prisinin sıralanması üçün əsas mövzu Ferrari və Mercedes AMG komandalarının qarşıdurması idi – Skuderiya həftəsonunu yüksək səviyyədə keçirirdi, amma əvvəlcədən deyək ki, sıralanma turunun sonunda sevinən tərəf heç də italyanlar olmadılar.

Şərhçi trasda baş verə biləcək hər cür hadisəyə hazır olmalıdır: birinci sessiya Paskal Verlyaynın qəzası üzündən dayandırılır. Amma bu zaman şərhçilər dayanmırlar: baş verən hadisənin səbəbini araşdırmağa çalışırlar, insidenti kadr-kadr təhlil edirlər. Fürsətdən istifadə edib statistik məlumatlar da verirlər – yayım zamanı şərhçilər dayanmadan danışmalıdırlar.

Proses

Yəqin soruşacaqsınız ki, niyə bəs iki şərhçi? Onlar trasda baş verən hadisələrin təhlili zamanı canlı dialoq qururlar, bir-birlərini tamamlayırlar, bununla da tamaşaçılar baş verən hadisə barədə daha dolğun məlumat alırlar.

Çin Qran Prisinin sıralanma turu müxtəlif hadisələrlə zəngin oldu: qəza da oldu, Lyuis Həmiltonun maşınında gözlənilmədən güc qurğusunda problem yaşandı, Fettel və Rəykkönen isə həlledici cəhdlərində səhvə yol verdilər – şərhçi trasda baş verən hadisələri tamaşaçıya çatdırmaqla yanaşı qaydaları da qeyd etməyi unutmur: “kral yarışlarının” reqlamenti daim dəyişir, ona görə də hər bir dəyişiklik barədə danışmaq lazım gəlir.

Poul uğrunda mübarizə

Sıralanma turunun üçüncü sessiyası başlayır: şərhçilərin bütün diqqəti monitordadır, axı indi Çin Qran Prisinin poulunun müqəddəratı həll olunur.

İki dəfə qırmızı bayraq dalğalandığı üçün sıralanma turunun vaxtının uzanmasına baxmayaraq, yayım kəsilmir – rejissorlar hadisələrin bu cür cərəyan etməsinə hazır idilər və yayım vaxtının uzanmasını əvvəlcədən nəzərə almışdılar.

Sıralanma turu sona yaxınlaşır – sürücülər sürətli nəticələr göstərərək bir-birinin ardınca finiş xəttini keçirlər. Poul Rosberqə qismət olur, alman sürücü mövsümdə ilk poulunu qazanır. Onunla yanaşı ilk cərgədən Daniel Rikkardo start alacaq – avstraliyalı sürücü Renault motorlarına uyğun gəlməyən trasda azarkeşlərini sevindirir. Start sahəsinin ikinci cərgəsini Ferrari sürücüləri tutacaqlar, üçqat dünya çempionu Lyuis Həmilton isə sonuncu mövqedən start alacaq – sabahkı yarış üçün bundan gözəl intriqa ola bilər?

Mənbə: Baku City Circuit
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*