F-1.az xatırladır ki, Stouner 2007-ci və 2011-ci illərdə MotoGP seriyası üzrə Dünya Çempionluğu titulunu qazanıb. Avstraliyalı sürücü 2012-ci il mövsümünün sonunda MotoGP karyerasını bitirib. Amma Keysi Stouner 4 illik fasilədən sonra ilk Dünya Çempionluğunu qazandığı Ducati komandasına test sürücüsü kimi qayıdıb.
Stouner trasa 2015-ci ilin Ducati motosikleti ilə çıxıb. Motosiklet 2016-cı ilin Michelin təkərləri və standart ECU sistemi ilə təchiz edilib. Test Malayziyanın Sepanq trasında baş tutub.
Stouner trasa yerli vaxtla saat 11:15-də çıxıb və 18:00-a qədər məşq edib, eyni zamanda yeni təkərləri test edib. Avstraliyalı sürücü testlərdən sonra jurnalistlərin suallarına cavab verib: “Yeni insanlarla tanış olmaq, köhnə dostları görmək və hamı ilə görüşmək çox gözəl hisslərdir.
Bu gün çox yaxşı keçdi. Hamı qarajda idi və peşəkar şəkildə işlədik.
Motosikletin bu qədər rahat olmasını gözləmirdim. Motosikletdən gələn xırıltı səslərini eşidirəm. Çox güclüdür, amma bütün motosikletlərdə olduğu kimi bu motosikletin də inkişaf etdirilməyə ehtiyacı var.
Əgər motosikletdən razısınızsa, onun əskik tərəflərini komandaya demək çətin olur. Ona görə də düşünürəm ki, biz mükəmməl gün keçirtmişik”.