F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 11-ci yerdən başlasa da, yaxşı startla və rəqiblərinin səhvlərindən yararlanaraq, finişə 5-ci çatıb. Lakin 26 yaşlı pilot yarış ərzində iki dəfə qumlu sahəyə çıxıb və böyük vaxt itkisi yaşayıb.
Karlos Sayns: “Hər şeyi nəzərə alsaq, 11-ci yerdən başladığımız yarışda bu nəticə əladır. İlk dəfə idi ki, yağışda bu bolidi sürürdüm. Buna görə də öyrənəcəyim şeylər var idi. Lakin bu dəfə risk etdim. Bəhreyndə təmkinlə sürmüşdüm. Buna görə də bir neçə yer qazandım. 7 və ya 8-ci yerə yüksəldim. Daha sonra isə ritmi tuta bilmədim. Bir neçə əyləc rejimini yoxladım və hər döngə üçün hissiyatı tutmağa çalışdım. Bunları sınayanda döngələri qaçırdım və trasdan çıxdım. Bu da vaxt itirməyimə səbəb oldu. Amma tempim yaxşı idi. Səhvlərə baxmayaraq, yerimi kompensə edə bildim”