F-1.az xatırladır ki, Sayns 13-cü yer uğrunda mübarizə apararkən, Palmeri geridə qoysa da, britaniyalı sürücü Saynsa arxadan çırpılmışdı. İspaniyalı bolidinin idarəetməsini itirərək, yerində fırlanmış və daha sonra yarışı dayandırmalı olmuşdu.
Palmer bu hərəkətinə görə 5 saniyə cəza almışdı. Sayns bu cəzanı Rusiyada aldığı 10 saniyəlik cəza ilə müqayisə edib.
Karlos Sayns: “FİA bəzən belə şeylər edir. Məni yarışdan çıxartdı. Rusiyada onu bir az trasdan kənarlaşdırdım deyə 10 saniyəlik cəza almışdım. Onun bu hərəkətinin təsirini və cəzaların necə uyğunsuz olduğunu görürsünüzmü? Beş saniyəlik cəza onun üçün vacib deyil. O, səhv etdiyini bilir və FİA da bunu çox yaxşı bilir.
Palmer bir az diqqətli olmalıdır, çünki son iki yarışda Toro Rosso-lara çırpılıb və bütün qışı bu barədə düşünməlidir.
Ümumilikdə isə komanda yaxşı işlədi. Həftəsonu bizim üçün çətin başlasa da, yarışda Sauber və Renault-nu keçə bildik. Bunun üçün sevincli olmalıyıq”.