K.Sayns Ferstappenin seriyasına son qoydu

Mövsümün 15-ci mərhələsi olan Sinqapur Qran Prisi geridə qaldı. Maks Ferstappenin Sinqapur lənəti davam etdi və o yenə də Marina Bayda yarış qazana bilmədi.

Sinqapur yarışında Karlos Sayns əsl taktika nümayiş etdirdi. O, rəqibi LAndo Norrisə DRS verərək, daha təzə təkərləri olan Mercedes sürücülərinin önə çıxmasına imkan yaratmadı. Bununla da karyerasının ikinci qələbəsini qazandı. Özü də nə qələbə! Bu qələbə mənə Fernando Alonsonun 2010-cu ildə Sinqapurda əldə etdiyi qələbəni xatırlatdı. Alonso da o yarışda özündən sürətli Red Bull-u arxasında saxlamış və mükəmməl qələbə əldə etmişdi.

Dünən Karlos Sayns da eyni cür qələbə qazandı. Xüsusən də yarışın sonlarında özündən qat-qat sürətli Mercedes-ləri arxasında saxlamaq üçün taktika işlətdi. Bu takti işə yaradı. Beləliklə, Sayns bütün yarış ərzində lider gedərək, mövsümdəki ilk qələbəsini əldə etdi.

Maks Ferstappen isə 11-ci yerdən başladığı yarışın startında Hard təkərləri seçdi. Əslində yarışın 18-ci dövrəsində təhlükəsizlik maşını çıxmasaydı, yaxşı taktika idi. Lakin yarışın əvvəlində Sarcentin qəzasına görə trasa girən təhlükəsizlik avtomobili niderlandlı sürücünün planları alt-üst etdi. Əks halda çempionatın lideri bu yarışda qələbə uğrunda mübarizə apara bilərdi.

Yarışın həm qazananı, həm də itirəni Mercedes komandası oldu. “Gümüşü oxlar” Lyuis Həmiltonla podium qazanaraq, mövsümün ikinci yarısında ilk dəfə fəxri kürsüyə yüksəldi. Corc Rassell isə güclü olduğu həftəsonunu çox pis notlarla bitirdi. Yarışın son 5 dövrəsinə başlayanda Corc qələbə üçün ən real namizəd idi. Amma yarışın son dövrəsində Norrislə mübarizə apararlən, maşınını bariyerlərə sürtməsi yarışı bitirməməsinə səbəb oldu. Necə deyərlər – Qəhrəmanlıqdan anti-qəhrəmanlığa…

Qeyd edək ki, Rassell Niderland yarışında da Norrislə mübarizə apararkən, rəqibi ilə təmas yaşamış və xalsız qalmışdı.

Yarışın digər maraqlı nüanslarından biri isə Fernando Alonsonun Formula1-dəki 20 mininci dövrəsini vurması idi. O, bununla da Formula1 maşını ilə ən çox məsafə qət edən Formula1 sürücüsü statusu qazandı.

Lakin ispaniyalı sürücü belə bir əlamətdar yarışdan xalsız ayrıldı. Bu, Alonsonun builki ilk xalsız yarışı idi. Bunda yarışın ikinci döcrəsində asılqanın zədələnməsinin də rolu var idi.

Növbəti yarış bu həftəsonu gündoğar ölkə Yaponiyada olacaq. Red Bull komandası bu il də keçənilki kimi Yaponiyada titulu təmin edə bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*