F-1.az xatırladır ki, Sayns son yarışlarda mükəmməl performans göstərir və onun adı güclü komandalarla hallanırdı. Kimi Rəykkönenin Ferrari-dəki gələcəyi isə müəmmalıdır və ispaniyalı onun yerinə real namizədlərdən biri kimi göstərilirdi.
Red Bull komandası bu söz-söhbətlərə son qoymaq üçün Saynsın müqaviləsindəki opsiyondan istifadə edərək, gənc sürücünü daha bir il Toro Rosso-da saxlamağa qərar verib. İspaniyalı sürücü verdiyi açıqlamada bildirib ki, Ferrari dedi-qodularına görə narahat deyil və buna görə sevinir: “Ferrari yüksək səviyyəli komandadır. İnsanların məni orada görmək istəməsi gözəl xəbərdir və orada olmaq hamının arzusudur. Yəni ki, bu cür söz-söhbətlərin olması pis deyil və bunu çox bəyənirəm. Ancaq gələcəyimi Toro Rosso və Red Bull-da görürəm. 2019-cu ildə Red Bull üçün mübarizə aparmağı planlaşdırıram.
Red Bull ilə müqaviləm var və ona sadiq qalacam. Əlbəttə, tez bir zamanda yüksək səviyyəli komandaya keçmək istəyirəm, amma bu, qısa müddət ərzində olmasa, gözləməliyəm”.
Toro Rosso gələn il yenidən Renault mühərriyi ilə mübarizə aparacaq və Sayns düşünür ki, Toro Rosso Red bull-un mühəndis dəstəyi ilə 2017-ci ildə sürpriz nəticələr ala bilər: “Toro Rosso-da qalmağım axmaqlıq olmaz. Əgər Renault gələn il mühərriyini təkmilləşdirsə və Mercedes-ə çatsa, Toro Rosso-nun asfalta yatma qüvvəsi ilə sürpriz nəticələr ala bilərik.
İnsanlar məndən soruşurlar ki, niyə Ferrari və ya Renault-nu seçmədin. Mən də deyirəm ki, bunu edə bilmərəm, çünki bu, mənim işim deyil. Mən heç bir qərar verə bilmərəm. Bu, mənim və ya atmın verə biləcəyi bir qərar deyil. Məni Helmut Marko idarə edir və o, qalmağımı istəsə, qalaram”.