F-1.az xatırladır ki, finlandiyalı sürücü Bəhreyn yarıçında 3-cü yerdə gedərkən 36-cı dövrədə pit-stopa gəlib. Komanda Soft təkərləri çıxararaq, əvəzinə SuperSoft təkərləri taxıb. Bu əsnada yaşıl işıq yanıb və 38 yaşlı sürücü hərəkətlənərək pitdən çıxıb. Amma sol arxa təkər hələ dəyişilməyibmiş və mexaniklərdən biri hələ də bolidin sol tərəfində dururmuş. Təmasın şiddəti ilə mexanikin ayağı iki yerdən qırılıb. 2007-ci ilin Dünya Çempionu isə mübarizəni dayandırmalı olub.
Kimi Rəykkönen: “Hələ də nə olduğunu bilmirəm. Mexanikin vəziyyətindən də xəbərsizəm. Amma onun üçün yaxşı hal deyil. Yaşıl işıq yananda qaza basıram və geridə nələrin baş verdiyini bilmirəm. Heyif ki, mexaniklərimizdən biri yaralandı. Mənim vəzifəm yaşıl işığı görəndə qaza basmaqdır. Ümid edirəm ki, problem ciddi deyil. Yarışı vaxtından əvvəl bitirmək pis oldu. Bəzən belə olur. Məyusam”.