F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa ikinci yerdən başlayıb və yarış ərzində sükanla bağlı problem yaşayan Fetteli izləməli olub. 37 yaşlı sürücü ötmə üçün komandadan icazə istəsə də, bu baş verməyib və Rəykkönen ikinciliklə barışmalı olub…
Kimi Rəykkönen: “Macarıstanda mənə qarşı daim böyük dəstək olur. Heyif ki, bu dəfə onları qələbə ilə sevindirə bilmədim. Buna görə məyusam. Yenə də komanda olaraq güclü idik və bolidimiz çox sürətli idi. Dubl edə bildik. Sıralanma turunda səhv etmişdim və bugünkü yarışa yaxşı başladım. 71 dövrə Sebastyanın arxasında qaldım. Qalib gəlmək istərdim, amma bu mümkünsüz idi. Dünən sıralanma turunda etdiyim səhv qələbəni əlimdən aldı. Amma komanda üçün əla nəticə qazandıq.
Burada ötmə etmək çox çətindir. Rəqibiniz ciddi səhv etsə və ya problem yaşasa, ötmə edə bilərsiniz. Xüsusən də, komanda yoldaşınızı keçmək heç asan deyil. Diqqətli olmalısınız və boliddəki sazlanmalar oxşar olur. Mən xoşbəxt olmasam da, komanda xoşbəxtdir. Vacib olan da budur”.