F-1.az xatırladır ki, testlərin ilk günündə Ferrari-ni Kimi Rəykkönen, Red Bull-u Daniel Rikkardo, McLaren-i isə Stoffel Vandorn təmsil edib. Bu testlərdə Pirelli-nin əsas məqsədi yağışlı havada yaranan su şırnaqlarında təkərlərin sürüşməsinin qarşısını almaq üçün tədbirlər görməkdir.
Kimi Rəykkönen: “Mənə elə gəlir ki, keçən il istifadə etdiyimiz təkərlər builkindən daha yaxşı idi. Amma inanıram ki, bunu demək üçün bir qədər tezdir. Bu, mənim ilkin təəssüratlarımdır.
Testin ilk günü yaxşı keçdi. Keçən həftə komandanın köhnə maşınla işləməsi istisna olmaqla, uzun zamandır ki, maşınlarımız trasa çıxmırdı. Biz keçən mövsüm də maşınımızdan yağışlı havalarda tam razı deyildik. Buna görə də, bu testlərdən problemləri həll etmək üçün faydalı məlumatlar ala bilərik.
Biz gün ərzində heç bir problem yaşamadıq. Əgər Pirelli-yə kömək edə biliriksə, testləri uğurlu hesab etmək olar”.
Finlandiyalı pilot gələcək mövsüm barədə də danışıb: “Qalib gəlmək istəyirik. Qələbələr qazandığımızda deyə biləcəyik ki, məqsədimizə nail olmuşuq. Yeni maşınımız trasda heç bir dövrə də vurmayıb. Baxaq görək, 1 ay sonra keçiriləcək mövsümöncəsi testlərdə hansı vəziyyətdə olacağıq. Buna əsasən nələr əldə edə biləcəyimizi demək olar”.
Qış fasiləsini necə keçirdiyi barədə suala isə 2007-ci ilin çempionu belə cavab verib: “Mən ailəmlə birgə əla istirahət edirəm”.
Qeyd edək ki, bu gün – testlərin ikinci günündə Rəykköneni Sebastyan Fettel əvəz edəcək.